BİZİM KİNOMUZ
31 Mart 2022 / 16:18

“İkinci planetin qırmızı rəngi” ekranlarda görünəcək

Mədəniyyət Nazirliyinin ötən il həyata keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi Azərbaycan kinosuna yeni imzaların gəlməsinə vəsilə olub. Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək göstərmək və Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə vermək məqsədilə təşkil olunub.

 

Gənc rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” (“Mozalan” studiyası) adlı qısametrajlı bədii film layihəsi də müsabiqənin qaliblərindəndir. Rejissor bildirir ki, ötən ilin payızında işə başladıqları ekran əsərinin çəkilişləri artıq yekunlaşıb. Film bir ay müddətinə tam hazır olacaq. Nümayişi və ictimaiyyətə təqdim olunması məsələləri isə filmin lentə alındığı “Mozalan” studiyası tərəfindən həyata keçiriləcək.

 

“Mozalan” studiyasının rəhbəri, rejissor Əli Səttar Quliyev bildirib ki, hazırda film üzərində tamamlama işləri aparılır: “Çalışacağıq filmi beynəlxalq festivallarda nümayiş etdirək. Daha sonra isə artıq geniş auditoriyaya təqdim olunacaq. Eyni zamanda “Böyük Qayıdış” layihəsi çərçivəsində çəkilmiş filmlərin ümumi təqdimatı baş tutarsa, o zaman ilk olaraq ölkə daxilində təqdimatımız gerçəkləşəcək. Bu proses Mədəniyyət Nazirliyinin qərarı ilə bilinəcək və ictimaiyyətə əlavə məlumat veriləcək”. Filmin quruluşçu rejissoru və ssenari müəllifi Azər Quliyev, prodüseri Əli Səttar Quliyev, təsvir rejissoru Alisa Tareliçeva, ikinci rejissoru İlkin Həmidli, rəssam-rekvizitoru Samirə Şamxalova, səs rejissoru Teymur Kərimovdur. Rollarda Rafael Şahbəyli (Quliyev), Diana Hacıyeva, Əli Nəsib, Aydan Həsənzadə iştirak edir. Film Musa adlı gəncin iztirablı düşüncələrindən və şəxsi həyatındakı çətinliklər fonunda Vətən müharibəsinə yollanmağından bəhs edir.