BİZİM KİNOMUZ
01 May 2022 / 11:29

Nizami Kino Mərkəzində "Köhnə çamadanlar” filminin təqdimatı olub

Nizami Kino Mərkəzində “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmin təqdimatı baş tutub.

 

Real hadisələr əsasında çəkilən filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı iz buraxdığı müxtəlif qadınlar – şəhid anası, şəhid bacısı, həyat yoldaşı, döyüşçü, həkim, əsir və köçkün qadınlardır. Süjetdə bu qadınların həyatlarının müharibə dövrünü əhatə edən epizodlar öz əksini tapır. Birinci Qarabağ müharibəsindəki hadisələri birləşdirən əsas xətt üzərində qurulan filmdə müharibə, onun insan psixologiyasında buraxdığı izlər və savaşdan çıxmış insanların həyata müqaviməti, savaşın təsirləri ilə mübarizəsi ön planda görünür. Nikbin sonluqla, İkinci Qarabağ müharibəsindən sonra Qələbəmizə vurğu ilə bitən lirik-psixoloji dramda respublikanın Xalq artistləri Məmmədsəfa Qəhrəmanov, Qabil Quliyev, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq Əliyeva, Zemfira Əbdülsəmədova, həmçinin digər görkəmli teatr və kino xadimləri, məşhur aktyorlar rol alırlar.

 

Ekran əsərində İkinci Qarabağ müharibəsi iştirakçıları və qaziləri, eləcə də Sərhəd Qoşunlarında hazırda xidmətini davam etdirən hərbçilərimiz aktyor kimi özlərini sınayıblar. Doxsan nəfərə yaxın heyəti olan filmdə əlilliyi olan 20-dən çox şəxs iştirak edib.

 

Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrajı iki saata çatan bədii ekran əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

 

Qeyd edək ki, 2021-ci ilin payızından çəkilişlərinə başlanılan “Köhnə çamadanlar” adlı tammetrajlı bədii film RS Production, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib.