BİZİM KİNOMUZ
30 May 2022 / 11:18

Moskvada “Arşın mal alan” filmi nümayiş etdiriləcək

Mayın 31-də Moskvadakı “Xudojestvennıy” kinoteatrında SSRİ-nin 100 illiyinə həsr edilmiş “Moskvada dostlaşdığım adamı heç vaxt unutmaram” adlı kinoforumun açılışı olacaq.

 

“Moskino” şəbəkəsi tərəfindən təşkil edilmiş kinoforum mayın 31-dən dekabrın 11-dək Moskvada keçiriləcək. Forumun açılışında tanınmış rejissorlar, aktyorlar, yazıçılar, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər. Həmin gün tamaşaçılar Azərbaycan kinematoqrafçılarının çəkdiyi əfsanəvi “Arşın mal alan” filminə baxacaqlar.

 

Baxışın bədii rəhbəri, kino tənqidçisi Sergey Lavrentyev jurnalistlərlə söhbətində deyib: “Sovet İttifaqında yaşamış bütün insanlar bu filmi görüb və ya onun haqqında eşidiblər. 1945-ci ildə çəkilmiş film qeyri-adi uğur qazanmışdı. Müharibədən sonra insanlar şənlənmək, mahnı oxumaq, rəqs etmək istəyirdilər və bu film onlara belə bir imkan verdi”.

 

Forum çərçivəsində 15 film, o cümlədən Azərbaycan kinematoqrafçılarının daha bir işi - “Qorxma, mən səninləyəm” filmi nümayiş etdiriləcək.