BİZİM KİNOMUZ
30 May 2022 / 14:22

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda seçilmiş filmlər siyahısında yer alıb

Azərbaycanda istehsal olunmuş “100 il şərəfli ömür” və “Nobel qardaşlarının ilk uğuru” sənədli filmləri daha bir uğura imza atıb. Belə ki, Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi 2022 Panama Series festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 10-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək. “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi isə Aizanoi Qısa Film festivalında seçilmiş filmlər siyahısında yer alıb. Ekran əsəri iyunun 4-də beynəlxalq festivalda nümayiş etdiriləcək.

 

Bu barədə Azərtaca-a filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

 

“Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Çəkdiyimiz filmlər son iki ildə beynəlxalq festivallarda 170-dən çox mükafat alıb”.

 

Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov əlavə olaraq onu da vurğulayıb ki, Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, eləcə də kütləvi savadsızlığın aradan qaldırılması və ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib: “Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi haqqında çoxlu məlumatlar əldə etmişdim, bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsi üçün lazım olacaq”.

 

Onu da qeyd edək ki, Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 35 Beynəlxalq Festivaldan müxtəlif mükafatlar alıb.

688

 

689