BİZİM KİNOMUZ
07 Mart 2022 / 15:59

Azərbaycan bayrağını ermənilərə verməyən döyüşçüdən çəkilən filmin təqdimatı olub - FOTO

Nizami Kino Mərkəzində Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filminin təqdimatı keçirilib.

 

Təqdimat mərasimində Mədəniyyət Nazirliyinin nümayəndələri, yaradıcı heyət və filmin qəhrəmanı Natiq Qasımovun ailəsi iştirak edib.

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev filmdə bəhs olunan hadisələrin əhəmiyyətindən danışıb.

 

O bildirib ki, bu film həm də Azərbaycan tarixinin ifadəsidir: “Burada olduqca maraqlı məqamlar var. Film itkin düşən bir azərbaycanlı haqqındadır. Mənim bir qohumum da Şuşada itkin düşmüşdü. Ona görə də bu ağrı mənə yaxındır. Biz Xocalı faciəsinin 30-cu ildönümünü qeyd edirik. Əslində Xocalıya münasibət mədəniyyət məsələsidir. Bu gün faciə haqqında danışmaqda əsas məqsədimiz faciəni özümüzə və düşmənə xatırlatmaq deyil, bu faciənin bir daha baş verməsini əngəlləməkdir. Mən Britaniyadan gələn qonaqlarımıza bu mövzunu özlərinə yaxın bilib, film çəkdikləri üçün təşəkkür edirəm”.

 

Sonra film nümayiş olunub.

 

Qeyd edək ki, Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.

 

Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır.

 

Martın 1-dən nümayiş olunacaq “Oğul” filminin bilet satışından əldə edilən gəlir YAŞAT Fonduna köçürüləcək.

 

Xatırladaq ki, Natiq Qasımov Birinci Qarabağ müharibəsi zamanı beş gün təkbaşına mühasirədə qalaraq ermənilərə müqavimət göstərib. O, yalnız ermənilər onu təslim olmasa, 22 Xocalı sakinini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahı ataraq, sığındığı alban kilsəsindən çıxır, lakin son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə vermir.