BİZİM KİNOMUZ
07 İyun 2022 / 14:40

Azərbaycanda ilk dəfə tammetrajlı animasiya filmi hazırlanacaq

Ölkəmizin animasiya filmləri tarixində ilk olaraq "Qarınqulu" adlı tammetrajlı animasiya filmi təqdim ediləcək.

 

Bu barədə Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev məlumat verib.

 

Ölkəmizdə uşaq filmlərinin istehsalının daha çox diqqətdə saxlanılmasının vacibliyindən danışan R.Əliyev bu sahəyə yeni mütəxəssislərin cəlb edilərək bütün istehsalat prosesinin Azərbaycanda aparılmasının prioritet məsələ olduğunu vurğulayıb.

 

“Animasiya filmlərinin hazırlanması prosesində texniki imkanlar Azərbaycanda istədiyimiz kimi olmadığına görə biz bu işi tamamlamaq üçün layihəni xarici ölkələrə göndərməli oluruq. Amma məqsədimiz bu işi tam olaraq Azərbaycanda təşkil etməkdir”.

 

Hazırda animasiya sahəsi üzrə ölkəmizdə 20-ə yaxın peşəkar mütəxəssisin olduğunu bildirən Mədəniyyət Nazirliyinin sektor müdiri bu sahədə müxtəlif işlərin görüldüyünü vurğulayıb. “Hazırda "Qarınqulu" tammetrajlı animasiya filminin hazırlanaraq təqdim olunması istiqaməti üzrə hazırlıq dövrü gedir və bu istiqamətdə müvafiq işlər görülür. Layihə davam etdikcə, bu prosesdə iştirak edənlərin sayı daha da artacaq. Ümid edirəm ki, bu ölkəmizdə müvəffəqiyyətli layihə olacaq və həmçinin filmi tanınmış aktyorlarımız səsləndirəcək”, - deyə R.Əliyev bildirib.

 

Rüfət Əliyev Azərbaycan kinosunun hazırda keçid dövrünü yaşadığını qeyd edərək, köhnə sistemin qalıqlarından qurtulub, həm beynəlxalq təcrübəyə uyğun, həm də Azərbaycanın reallıqlarını nəzərə alaraq bu sahənin inkişafı üçün yeni addımlar atıldığını vurğulayıb.

723

725