BİZİM KİNOMUZ
29 Mart 2022 / 14:47

Şuşa şəhəri ilə bağlı filmlər rəqəmsal formatda bərpa ediləcək

Dövlət başçısının 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədilə Nazirlər Kabineti tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq olunub. Beş bölmədən ibarət Tədbirlər planında audiovizual və çap materiallarının hazırlanması da ayrıca qeyd olunub. Bu bölmədə “Azərbaycan Dövlət Film Fondunda saxlanılan Şuşa ilə bağlı film və çəkilişlərin bərpası, onların nümayiş etdirilməsi” bəndi də yer alıb.

 

Dövlət Film Fondundan Kino-arxiv şöbəsinin müdiri Rəşad Qasımov bildirilib ki, “Şuşa İli” ilə əlaqədar təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, fondun arxivində Şuşaya həsr edilmiş sənədli filmlər və xronika materiallarının bərpası və Şuşa şəhərində nümayişi ilə bağlı artıq hazırlıqlara başlanılıb: “Fonddakı Şuşa ilə bağlı bütün filmlər bərpa olunacaq və rəqəmsal varianta köçürüləcək. Fondun arxivində Şuşaya həsr olunmuş bir neçə sənədli film var. Bunlar “Şuşa”, “Natəvan”, “Bülbül”, “Qarabağ yollarında” və digər filmlərdir ki, bu ekran əsərlərində Şuşa şəhərinin müxtəlif dövrlər üzrə görüntüləri yer alıb. Həmçinin bu filmlərdə Şuşanın tarixi Azərbaycan şəhəri olduğu və burada milli mədəniyyətimizin görkəmli simalarının yetişməsi haqqında ətraflı məlumatlar var. Qeyd edilən filmlərin hər biri Tədbirlər planına uyğun olaraq nümayiş etdiriləcək”.

 

Şöbə müdiri onu da bildirib ki, qeyd edilən ekran əsərlərindən əlavə, müxtəlif xronikal materiallarda və sənədli filmlərdə Şuşa ilə bağlı arxiv nümunələri əksini tapıb. Həmin xronikalardan kadrlar toplanaraq kiçik videoçarxlar şəklində ictimaiyyətə təqdim olunacaq.