ETNOQRAFİYAMIZ
12 May 2022 / 16:05

Qarabağ xanlığının ilkin pul təsərrüfatı numizmatik faktlarla

XVIII əsrin II yarısında Nadir şah Əfşarın öldürülməsi ilə onun nəhəng imperiyası dağılmağa başladı. Azərbaycan ərazisində müstəqil feodal dövlətlər - xanlıqlar yarandı. 

 

Yazılı mənbələrə əsasən 1748-ci ildə “xan” tituluna layiq görülən Qarabağ xanı Pənahəli xan Cavanşirin (1748 - 1763) dövründə pul təsərrüfatında işlənən sikkələrdən biri olan gümüş abbasılar hələ Səfəvi şahı I Abbasın (1586 - 1629) dövründə təsis edilmişdi. 

 

Numizmatik faktlara əsasən son Səfəvi şahı III İsmayılın (1749 - 1755)  dövründə Mazandaran və Rəştlə yanaşı Astrabad, İsfəhan, Qəzvin, Şiraz, Kaşan, Təbriz, Şamaxı zərbxanaları da fəaliyyət göstərmişdir. Həmçinin ağır çəkili gümüş abbasılar, digər nominallı sikkələr (nadiri, ağça, rupiyə), həmçinin mis qazıbəyilər (9-18 q.) zərb edilmişdir. 

 

Qazıntılar zamanı son Səfəvi şahlarının zərb etdiyi sikkələrin Azərbaycan xanlıqları (Şamaxı, Gəncə və d.), Əfşarlar, Zəndilər, Osmanilər, Baburilərin sikkələri ilə birgə tapılması dövrün rəngarəng pul dövriyyəsini təsdiq edir. Belə tapıntılara Bakı, Gəncə, Şamaxı, Şəki və d. məkanlarda rast gəlinib. 

 

Beləliklə, numizmatik tədqiqatlar göstərir ki, Qarabağ xanı Pənahəli xan Cavanşirin hakimiyyəti dövründə Azərbaycanın pul dövriyyəsində son Səfəvi şahları və digər sülalələrin sikkələri istifadə edilmiş, milli numizmatika elmimizin nadir inciləri olan gümüş pənahabadilərin zərbinə isə onun oğlu İbrahimxəlil dövründə (1763 - 1806) başlanılmışdır. 

Şəkil 1:  Səfəvilər. III İsmayıl (1163 – 1169 = 1749 - 1755), Rəşt, 1166 = 1752-1753, gümüş abbası, 11,2 q.

Şəkil 2:  Səfəvilər. III İsmayıl, Mazandaran, 1167 = 1753-1754, gümüş abbası, 2,1 q.