ETNOQRAFİYAMIZ
13 May 2022 / 15:02

Tarix Muzeyində Xurşidbanu Natəvana məxsus xurcun qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvana məxsus şəxsi əşyalar qorunur.

 

Xurşidbanu Natəvan görkəmli ictimai xadim, şairə olmaqla yanaşı, Azərbaycan xanımına məxsus olan yüksək sənətkarlıq istedadı ilə də seçilib. O, tarixi ənənələrimizi özündə yaşadan, yüksək bədii-estetik zövqə malik əl işi nümunələri yaradıb. Onlardan biri keçmiş məişətdə ərzaq daşınması üçün geniş istifadə edilən xurcundur. Zərif əl işi nümunələrinə aid olan xurcun qara mahud parçadandır. Gözlərin birinin üzərində “1880”, digərində isə ərəb əlifbası ilə “1303” hicri tarixi həkk edilib. Astarı qara rəngli sətindən olan xurcunun bütün kənarı boyunca qara rəngli mahud üzərində müxtəlif rəngli iplərlə yarpaq təsvirləri salınıb.

 

Ümumilikdə xurcun üzərindəki işləmələr göz oxşayan kompozisiya yaradıb. XIX əsrə aid olan həmin məişət əşyası Xurşidbanu Natəvanın nəvəsi Naidə Məmmədova tərəfindən muzeyə hədiyyə olunub.