MUĞAMIMIZ
28 Aprel 2022 / 12:45

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevin anadan olmasının 75 illiyi qeyd olunacaq

 

Mayın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

 

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilati dəstəyi ilə təşkil olunacaq.

 

Gecədə görkəmli tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi planlaşdırılır. Eyni zamanda, professor Ramiz Quliyevin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr etdiyi iki tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da nəzərdə tutulub.

 

Qeyd edək ki, aprelin 26-da sənətkarın 75 illiyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qeyd edilib, professor Ramiz Quliyevin yaradıcılığı və pedaqoji fəaliyyətinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.