MUĞAMIMIZ
02 May 2022 / 21:34

Beynəlxalq Muğam Mərkəzi solistlərinin Özbəkistana qastrol səfəri yaddaqalan konsertlərlə davam edir

Beynəlxalq Muğam Mərkəzinin solistləri Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə “Ləzgi” Beynəlxalq Musiqi Festivalında uğurla iştirak edib. BMM-ni festivalda solistlər , Əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev, Kamran Kərimov və xanəndələr Kamilə Nəbiyeva , Mirələm Mirələmov təmsil edir. BMM-nin solistləri festival çərçivəsində çıxışları böyük maraqla qarşılanıb.

 

Festivalın ikinci gün festival təşkilatçılarının təklifi və tamaşaçıların istəyi ilə solistlər əlavə olaraq ikinci konsert proqramı ilə çıxış ediblər. Konsert çox yüksək səviyyədə keçirilib və böyük alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, BMM-nin solistlərinin festivalda qonaq qismində çıxışları aprelin 28-də nəzərdə tutulsa da, Özbəkistanın mədəniyyət naziri Azadbek Nazarbekov belə bir təşəbbüslə irəli sürüb ki, Beynəlxalq Muğam Mərkəzinin təmsilçiləri festivalın ilk günü həddən artıq turist və qonaqların iştirak etdiyi tarixdə də səhnəyə çıxsın və Azərbaycan muğamı səslənsin. Beləliklə də BMM-nin solistləri festivalın açılışından əvvəl 40 dəqiqəlik xüsusi proqramla çıxış ediblər. 30 ölkəni nümayəndəsinin iştirakı və çoxsaylı xarici qonaqların tamaşaçı qismində izlədiyi konsert böyük alqışlarla qarşılanıb. Nəzərə alsaq ki, BMM-nin solistləri, Əməkdar artistlər Sahib Paşazadə və Kamran Kərimov 2017-ci il Səmərqənddə keçirilən “Şərq təranələri” festivalının Qran-Pri mükafatçılarıdır . Bu səbəbdən də solistlərimizin budəfəki çıxışları və festivala qatılan münsiflərin Azərbaycan nümayəndə heyətinə etimad və marağı da diqqətçəkən olub. Özbəkistanın KİV nümayəndələri BMM-nin solistlərinə xüsusi diqqət çəkərək çıxışları televiziya və yerli mətbuatda geniş işıqlandırılıb.

 

Aprelin 29-da BMM-nin solistləri Özbəkistanın muğam sənəti kollecində konsert proqramı və ustad dərsləri keçiblər. Yüksək səviyyədə keçirilən tədbirdə Özbəkistanın Muğam Mərkəzinin rəhbəri BMM-nə xüsusi təşəkkürünü ifadə edib. Konsertdən əvvəl Sahib Paşazadə çıxış edərək hər iki ölkənin muğam sənətinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Həmçinin Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Beynəlxalq Muğam Mərkəzi dünyada yeganə mərkəzdir və Özbəkistanla qurulan əlaqələr muğam sənəti sahəsində əməkdaşlığı daha da genişləndirəcək. Daha sonra özbək muğam ustaları ilə Azərbaycanlı muğam ifaçılarının, tarzən Sahib Paşazadənin müşayiəti ilə birgə çıxışları olub. Həmçinin vaxtilə Azərbaycanda tar sənəti üzrə təhsil alan özbək tələbə Behcan Ağabəy BMM-nin solistlərinin bütün konsertlərində nümayəndə heyətimizi dəstəkləyərək onlara yardımçı olub.

 

Qeyd edək ki, Özbəkistanın mədəniyyət naziri Azərbaycanlı nümayəndə heyəti ilə görüşərək Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.