MUĞAMIMIZ
13 May 2022 / 16:20

VIII “Muğam” Televiziya Müsabiqəsi davam edir

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsi davam edir.

 

Müsabiqənin ikinci günündə səhnədə ikinci yarımqrupun 9 iştirakçısının ifası dinlənilib. Çox sevindirici haldır ki, bu iştirakçılar arasında yaşı 18-dən aşağı olanlar da var. İfalar münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və ilk həftə olduğu üçün heç bir iştirakçı müsabiqədən kənarlaşdırılmayıb. Münsiflər müsabiqə iştirakçılarına uğurlar diləyərək öz tövsiyələrini veriblər.

 

Xatırladaq ki, münsiflər heyətinə korifey muğam ifaçısı, Xalq artisti Arif Babayev, Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Eyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi və Əməkdar artist Fərqanə Qasımova daxildir.

 

Məlumat üçün qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ilk “Muğam” Televiziya Müsabiqəsi 2005-ci ildə keçirilib. Müsabiqə dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illiyinə həsr edilmişdi.