MUĞAMIMIZ
16 Mart 2022 / 16:43

Beynəlxalq Muğam Mərkəzində “Qadın ətirli tanqo” adlı konsert proqramı təqdim edilib

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Fidan Hacıyevanın yaratdığı xanımlardan ibarət “Mezzo” kamera orkestrinin “Qadın ətirli tanqo” adlı konsert proqramı təqdim edilib.

 

Konsert 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunub. Proqramda Xalq artistinin yaradıcılığı və sənət yolu haqqında məlumat verilib, Azərbaycan və dünya bəstəkarlarının vokal klassik əsərləri səsləndirilib. “Mezzo” kamera orkestrinin müşayiəti ilə (konsertmeyster Nəzrin Mustafayeva) Ü. Hacıbəyli, A.Motsart “Axşam serenadası”, J. Bize, A. Piazolla, A.Vivaldi, R.Hacıyev və digər bəstəkarların əsərləri Fidan Hacıyevanın ifasında qadınlar bayramı ərəfəsində xanımlara hədiyyə olunub. Tərtib olunmuş proqram bayram əhvallı gecəyə sevgi notları bəxş edib.

 

Qeyd edək ki, BMM-də mütəmadi olaraq əlamətdar tarixlərlə əlaqədar klassik və milli musiqi gecələri təşkil olunur. Bu layihələr tamaşaçılar tərəfindən maraqla qarşılanır.

217