MULTİKULTURALİZM
11 Mart 2022 / 12:32

Azərbaycanda ləzgilər - tolerant-multikultural mühitin daha bir əyani təsdiqi

Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan öz tolerantlığı ilə adını tarixə böyük hərflərlə yazdırıb.

 

Azərbaycanın əlverişli coğrafi şəraitdə yerləşməsi, eləcə də zəngin təbiəti hələ qədim dövrlərdən müxtəlif xalqları özünə cəlb edib. Ölkəmizi bu baxımdan tarixə düşən bir məskən kimi xarakterizə etmək olar. Çünki Azərbaycan zərdüştiliyin, Qafqazda xristianlığın ilk beşiyi, İslamın isə geniş yayıldığı bir məkandır. Tarixi mənbələrdən də məlumdur ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların yaranıb inkişaf etdiyi bir diyardır. Etnoqrafiyamız da bu baxımdan öz rəngarəngliyi ilə seçilir. Misal üçün, ölkəmizdə Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, molokanlar, ləzgilər, qrızlar, talışlar, kürdlər, ingiloylar, saxurlar və digər etnik qruplar yaşayır. Onların hamısı özünü azərbaycanlı adlandırsa da, hər bir qrupun özünəməxsus fərqli mədəniyyəti, adət-ənənələri var. Bu fərqliliklər məişətdə, mətbəxdə, sənətkarlıqda, eləcə də həyatın digər müxtəlif sahələrində öz əksini tapıb. Bu da onun nəticəsidir ki, Azərbaycanda yaşayan bütün etnik qruplar dövlətimizin onlara yaratdığı imkanlardan yararlanaraq öz mədəniyyətlərini qoruyub saxlaya biliblər. Bu adət-ənənələrin bəzisi bugünümüzə qədər gəlib çatıb Bütün millətlərin və azsaylı xalqların əsrlərlə birgə yaşayaraq öz milli-mədəni xüsusiyyyətlərini, din və dillərini qoruyub saxlaması heç də asan məsələ deyil.

 

Azərbaycan xalqının tolerantlığından yararlanan bu xalqların da adət-ənənələrində bir doğmalıq, yaxınlıq müşahidə edilib və bu xüsusiyyət də ölkəmizdə mövcud olan birgəyaşayış nəticəsində əldə olunub. Bununla belə, ölkəmizdə məskunlaşan bütün azsaylı xalqlar özünəməxsus adətlərini, milli bayramlarını, mədəniyyətlərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə müstəqildirlər və onlar bu imkanlarından tam istifadə edirlər. Bu adət-ənənələrin bəzisi bugünümüzə qədər gəlib çatıb. Öz adət-ənənələrini qoruyub saxlayan, ölkəmizdə mövcud olan multikultural dəyərlər, tolerant mühit nəticəsində onları yaşadan və inkişaf etdirən xalqlardan biri - ləzgilərin həyat tərzi və adətləri, mərasimləri bizim üçün də hər zaman keçərli olub. “Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər” Azərbaycanda yaşayan bütün xalqların, o cümlədən ləzgilərin etnik mədəniyyətinin, ana dilinin qorunmasına və inkişafına daima dövlət qayğısı göstərilir.

 

Ümummilli lider Heydər Əliyev 1995-ci il fevralın 20-də respublikamızın ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib:

 

“Bizim Azərbaycanın müsbət xüsusiyyətlərindən biri də odur ki, respublikamız çoxmillətli, beynəlmiləl dövlətdir. Mən öz rəsmi bəyanatlarımda, nitqlərimdə dəfələrlə qeyd etmişəm ki, bu, respublikamızın üstünlüyüdür, milli sərvətidir, ümumi sərvətidir. Biz bununla fəxr edirik və bu tərkibi qoruyub saxlamalıyıq”. Sonra Heydər Əliyev bu sözləri əlavə edib: “Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər”.

 

Ləzgi və Azərbaycan dilləri fərqli mənşəyə, qrammatikaya və leksik bazaya malik olsalar da, xalqlarımız arasında yüzillərin sınağından çıxan qardaşlıq əlaqələri bu dilləri də linqvistika çərçivəsindən çıxararaq bir-birinə yaxınlaşdırıb. Bu doğmalıq hər iki dildə yüzlərlə ortaq söz və ideomatik ifadələrdə, ortaq dastan və atalar sözlərində də özünü aydın büruzə verir. Bu, ləzgilərin və Azərbaycan türklərinin sıx tarixi bağlarının olduğunun bariz nümunəsidir Ləzgilər və Azərbaycan türkləri arasında qədim köklərə və ənənələrə malik etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri bugünədək davam etməkdədir. Ləzgilərin Azərbaycan türkləri ilə ortaq etnomədəni məkanı bölüşməsi, o cümlədən aralarındakı dini birlik bu əlaqələrin daha da möhkəmlənməsinə təbii və əlverişli şərait yaradıb. Ləzgilər Azərbaycanın qafqazdilli etnosları arasında özlərinə məxsus yer tuturlar. Hazırda onlar sıx halda Qusar, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Qax bölgələrində yaşayırlar.

 

Ləzgi xalqı ilə Azərbaycan türkləri arasında tarixən sıx etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri, həmçinin təsərrüfat və məişət əlaqələri bugünədək davam etməkdədir. Ləzgilər bu gün həm Azərbaycanı, həm də Dağıstanı özlərinə Vətən bilirlər. Azərbaycan türklərinin və ləzgilərin dini birliyi də etnoslararası münasibətlərin daha da güclənməsinə şərait yaradıb. Ləzgi xalq dastanlarının bir çoxu, ləzgi ədəbiyyatının klassiklərinin bir sıra məşhur əsərləri Azərbaycan dilində yaradılıb. Bu, ləzgilərin və Azərbaycan türklərinin sıx tarixi bağlarının olduğunun bariz nümunəsidir. Hətta əsrlərdən bəri Azərbaycan dili etnik cəhətdən rəngarəng olan Dağıstanda ümumünsiyyət dili olub. Maddi, fiziki gücündən asılı olmayaraq, hər kəsin xəncəri olmalıdır...

 

Ləzgilərin digər maraqlı cəhətləri budur ki, onların evləri adətən ikimərtəbəli və eyvanlı olur. Bunun da fəlsəfəsi insanın yaşadığı yerin heyvanın yaşadığı yerdən daha hündürdə olması düşüncəsidir. Bu ev, həm də dünyadan köçən ləzginin övladına mirasıdır. Ləzgi evlərinin daha bir özəlliyi divarda keçi buynuzunun olmasıdır. Bu, çoxallahlılıqdan qalma ənənədir. Ya 22 sentyabr, ya da 22 martda ləzgi ailəsi 7 erkək keçi kəsir. Məhz bu ay və günlərin seçilməsinin də özəlliyi var. Yəni 22 mart yeni ilin gəlişi, sentyabr isə ilin yarı olması və məhsul yığımının başa çatması ilə əlaqədardır. Kəndli bu il də ailəsinin ac qalmayacağına görə şükür edir və bu ilin məhsulu olan keçidən 7-ni şükranlıq rəmzi olaraq kəsir. Keçinin seçilməsinin də səbəbləri var. İlk növbədə onun müdriklik əlaməti olan saqqalının olmasıdır. Bundan başqa, onun südü ən təmiz süd sayılır, tükünü gəlinlərin yasdığına qoyurlar, yağı isə masaj üçün əvəzsiz vasitədir. Xəncər isə ləzgilərdə nəsildən-nəslə ötürülən bir əşyadır. Bütün qədim kəndlərdə divarları söksəniz, xəncər tapa bilərsiniz. Hətta bir vaxtlar qəbirlərə də xəncər qoyulub. Çünki vuruşmaq ləzginin qanındadır. Maddi, fiziki gücündən asılı olmayaraq, hər kəsin xəncəri olmalıdır. Yəni hər kəs namusunu qorumağı bacarmalıdır. Ona görə də "xəncər çıxdı, qan çıxdı" deyimi ləzgilər arasında çox geniş yayılıb. Lakin bu o demək deyil ki, ləzgilər bütün problemlərini xəncərlə həll edirlər. Atanın adı mütləq oğulun uşaqlarından birində olmalıdır Ləzgi toylarının da onları digər xalqlardan fərqləndirən bir sıra özəllikləri var. Məsələn, ləzgilərdə qızlar 16 yaşdan tez ailə qura bilməz. Hazırda da bu adət böyük əhəmiyyət daşıyır. Ləzgi qadınların yaylığının altından "şutqu" deyilən örtük olmalıdır. Çünki qadın gün ərzində mətbəxdə olur, onun saçı yeməyə tökülməsin deyə "şutqu" başında olmalıdır. Yeməkləri xəngəl, plov, düşbərə və s. Azərbaycan türkləri ilə eynidir. Bəyaz köynək, qara şalvar, papaq və kürkdən ibarət olan ləzgi geyimi ümumqafqaz tipindədir. Ləzgilərdə adlar atadan oğula, oğuldan sonrakı nəslə keçir. Ona görə də, bir nəsildə 7-8 nəfərdə eyni ad ola bilir. Atanın adı mütləq oğulun uşaqlarından birində olmalıdır.

 

Ləzgilərin tam əksəriyyəti Azərbaycan türkçəsini bilir və sərbəst danışırdı Ləzgi xalqının tarixi taleyi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. Tarixin əksər dövrlərində, bu ərazilərin fərqli imperiyaların tərkibinə daxil olduğu dönəmlər, yaxud müstəqil Azərbaycan dövlətlərinin mövcudluğu zamanlarında ləzgilər Azərbaycan türkləri ilə eyni dövlətdə təmsil olunublar. Tarixən ləzgilərlə azərbaycanlılar arasında qarşılıqlı faydalı təsərrüfat əlaqələri qurulub. Quba, Şəki, Bakı və başqa tarixi Azərbaycan şəhərlərində ləzgi kəndliləri və sənətkarları öz məhsullarını satırdılar. Məhz bu səbəbdən ləzgilərin tam əksəriyyəti Azərbaycan türkçəsini bilir və sərbəst danışırdı. Yalnız XIX əsrin əvvəllərində Qafqazın ruslar tərəfindən işğalından sonra ləzgilərin və Azərbaycan türklərinin yaşadıqları ərazilərdə sərhədlər çəkildi.

 

1860-cı ildə Bakı quberniyası və Dağıstan vilayəti arasında çəkilən inzibati sərhəd sonradan Azərbaycan SSR və RSFSR, nəhayət müasir dövrdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinə çevrildi. Azərbaycanda yaşayan ləzgilərin ənənəvi təsərrüfat məşğuliyyəti əkinçilikdən və maldarlıqdan ibarət olub. Onların təsərrüfat məişətinin xüsusiyyətlərinin formalaşmasına müxtəlif amillər, o cümlədən təbii-coğrafi şərait, Azərbaycan türklərinin təsərrüfat fəaliyyəti və maddi mədəniyyəti təsir edib. Azərbaycanda yaşayan bir çox etnik qruplarla yanaşı, ləzgilərin də maldarlığa üstünlük vermələrinin əsas səbəbi məskunlaşdıqları ərazilərdə zəngin yaylaqların olması ilə bağlıdır. Onlar əsasən qoyunçuluğa üstünlük veriblər.

 

Tarixən yayı yaylaqlarda keçirən ləzgilər payızın son aylarından yazın əvvəllərinədək qışlaqlara köçərdilər. Onların qışlaqları Azərbaycanın Mil, Muğan, Qobustan, Alazan ərazilərində yerləşib. Azərbaycan ləzgiləri arasında ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıqdır Ləzgilərin məskunlaşdığı düzənlikdə və qismən dağətəyi ərazilərdə əkinçilik, bağçılıq əhalinin təsərrüfat məişətində mühüm yer tutub. Əkinçiliyin genişlənməsi iribuynuzlu maldarlığın inkişafına təkan olub. Ləzgilər sənətkarlığın müxtəlif sahələrinə də üstünlük veriblər. Azərbaycanda yaşayan ləzgilərin işləyib hazırladığı taxta məmulatlar xüsusilə seçilir. Sənətkarlığın geniş yayıldığı məskənlərdən Gil, Miral, Yuxarı Yaraq kimi kəndlər daha çox məhşurdur.

 

Azərbaycan ləzgiləri arasında ən geniş yayılmış sənətkarlıq növlərindən biri xalçaçılıqdır. Qusar rayonunda ləzgi sənətkarlar arasında xovsuz xalçalar - sumaxların toxunması geniş yayılıb. Ləzgilərin yaşadığı Qımıl, Küsnət kəndlərində toxunan xalçalar Azərbaycan xalçaçılıq sənətində özünəməxsus xüsusiyyətlərilə fərqlənir. Bu xalçalarda ümumi Azərbaycan ornamentləri üçün səciyyəvi olan həndəsi və nəbati motivlər əksini tapır. Bütün müsəlmanlar kimi, onlar da islamda əsas bayramlar sayılan Qurban və Ramazanı keçirirlər Azərbaycanda yaşayan ləzgilər qədim və zəngin mənəvi mədəniyyətə malikdirlər. Bu mədəniyyətin formalaşmasına tarixən mövcud olan ənənəvi dünyagörüşü, nəsildən-nəslə keçən adət və mərasimlər, zəngin xalq yaradıcılığı, dini baxışlar təsirini göstərib.

 

Bununla yanaşı, Bahar bayramı hesab olunan qədim Yaran Suvar bayramı da martın son günlərində ləzgilər tərəfindən qeyd edilir. Bu zaman tonqallar yandırılır, sakinlər odun üstündən tullanırlar. Bayram xalq gəzintiləri, şənliklər, rəqslər və qonaqlıqlarla müşahidə olunur. Səhər tezdən qoyun dərisini tərsinə geyən gənclər evləri gəzərək hədiyyələr toplayırlar. Öz mahiyyətinə və keçirilmə formasına görə bu bayramın Novruz bayramı ilə oxşarlığı çoxdur.