MULTİKULTURALİZM
11 Mart 2022 / 12:52

Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm modeli

"Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzi var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir". Bu fikirləri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII Qurultayında videoformatda yekun nitqində bildirib. Qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar.

 

Bu, bizim böyük sərvətimizdir: "Mən də müxtəlif tədbirlərdə demişəm ki, bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir". Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda əsrlərboyu mövcud olan dini tolerantlıq, dünyəvilik, multikulturalizm ənənələri sayəsində yəhudi və xristian icmaları həmişə əmin-amanlıq şəraitində yaşayıblar. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Azərbaycanın dövlət başçısı daim ölkədə qədim multikultural dəyərlərin, tolerantlıq ənənələrini təşviq edərək, radikallığı, ekstremizmi və dinlərarası nifrəti rədd edir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir. Çünki Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Xristian və müsəlman icmaları ilə yanaşı yaşayan təqribən 30 minlik yəhudi icması isə Azərbaycanda iki min ildən bəri yaşamaqdadır. Əlbəttə ki, ölkəmizin ictimai-siyasi həyatında xristian, yəhudi etiqadlı vətəndaşlar yaxından iştirak edir, töhfələrini verirlər. Prezident İlham Əliyev nitqində İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin fədakarlıq, qəhrəmanlıq göstərdiyini bildirərək, şəhid olduqlarını qeyd edib: "Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur". Təbii ki, ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir.

 

Tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən, irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə imkan yaradıb və onların ölkənin ictimaisiyasi həyatında fəal iştirakına nail olunub. "Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub", deyən Azərbaycan Prezidenti qeyd edib ki, onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər: "Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər. Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, - necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, - bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir". Ölkəmizdə bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Əgər Azərbaycan ərazisində 2000-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək bu artıq tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur.

 

Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab edib, hətta yerli əhali ilə qaynayıb-qarışıb, qohumluq əlaqələri qurublar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, Azərbaycanın azadlığı və firavanlığı uğrunda mübarizə aparıblar. Azərbaycan "tolerant ölkədən tolerant dünyaya doğru" şüarının reallaşdırılmasını özünün hədəfi kimi müəyyənləşdirib. Dünyada terror, ksenofobiya, irqçiliklə bağlı münaqişələr baş verdiyi halda, birgə yanaşı yaşamaq haqqında təsəvvürlər, məhz bizim ölkədə genişlənir. Bir daha aydın olur ki, Azərbaycan əsrlərdir fərqli din və mədəniyyətlərin qovuşuğunda yerləşir, ölkədə tarix boyu tolerantlıq və multikulturalizm mövcud olub, müxtəlif etnik qrupların və dinlərin nümayəndələri burada sülh şəraitində birgə yaşayıblar. Cənab Prezident nitqində inkişaf etmiş ölkələrdə indi hansı problemlərin yaşandığını diqqətə çəkərək bildirib ki, orada dini, milli zəmində ziddiyyətlər, ayrı-seçkilik baş verir: "O ölkələrin bəzi şəhərlərində elə bölgələr var ki, oraya heç polis girə bilmir. Sanki bir dövlət içində dövlət qurublar. Nəyə görə? Çünki siyasət düzgün aparılmayıb, ümumiyyətlə, siyasət aparılmayıb. Hesab edirdilər ki, iqtisadi nailiyyətlər və meyarların yüksək olması orada yaşayan və oraya gələn bütün başqa xalqların nümayəndələri üçün xoşbəxtlik gətirəcək. Amma bu, belə deyil. Orada ədalətsizlik hökm sürür, təbəqələşmə hökm sürür, milli, dini zəmində ayrı-seçkilik var, irqçilik var. Biz bunun təzahürlərini görürük və son zamanlar bu, özünü daha qabarıq şəkildə göstərir, xüsusilə miqrant böhranı ilə əlaqədar. Miqrant böhranı da, əslində, göstərdi ki, elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur".

 

Dövlət başçısı Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin özlərini rahat hiss etdiklərini, öz ailəsində, öz doğma torpağında hiss etdiklərini bildirərək, bunu bizim üstünlüyümüz kimi dəyərləndirib. Terrorizmin baş alıb getdiyi dünyada, İslama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ümumbəşəri və humanist ideyalarını təbliğ edir. Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.