MUSİQİMİZ
23 Aprel 2022 / 14:46

İstedadlı pianoçunun “Qəlblərin fatehi” adlı solo konserti olub

Heydər Əliyev Sarayında istedadlı yeniyetmə pianoçu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadənin “Qəlblərin fatehi” adlı solo konserti keçirilib.

 

Konsertdə C.Sədizadə P.Çaykovskinin “Fortepiano və orkestr üçün 1 saylı konserti”ni və Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzusunda fortepiano və simfonik orkestr üçün konsert” əsərlərini səsləndirib.

 

“Qəlblərin fatehi” konsertində yeniyetmə pianoçu gözəl ifası ilə, həqiqətən də, musiqisevərlərin qəlbini fəth etməyi bacarıb. Onun çıxışı musiqisevərlərin böyük alqış və sevgisi ilə qarşılanıb.

 

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbində Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədovanın sinfində təhsil alan Cəmil Sədizadə bu günə kimi İspaniya, Estoniya, Bolqarıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyada keçirilən müsabiqələrdə ölkəmizi uğurla təmsil edib.

 

2017-ci ildə Cəmilin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüb.

 

Pianoçu ölkəmizdə ilk geniş konsertini 10 yaşında olarkən Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında verib. Bundan öncə o, 2017-ci ildə Moskvada, Kreml Sarayında V Beynəlxalq uşaq musiqi festivalında Rusiya Prezident Orkestrinin müşayiəti ilə çıxış edib.