QARABAĞ MƏDƏNİYYƏTİ
06 İyun 2022 / 15:35

Şuşa mədəniyyətinin inciləri: geyim nümunəsi olan çəpkən

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

 

“Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan çəpkənə həsr olunub.

 

Çəpkən Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən - çiyinüstü, astarlı və yalançı qollara malik olan üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi.

 

Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilib. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları olub. Bel hissədən bağ ilə bağlanıb. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilib. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və digər tikmələrlə bəzədilib. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayıblar.

 

Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur. Astarı zolağı materialdandır. Yaxa və ətək xətti boyunca 3 sıra pullarla bəzədilib. Sadə çəpkəndən biçiminə görə fərqlənən pullu çəpkən geniş yayılmışdı. O, qısa, qolsuz idi və çar sikkələri ilə bəzədilirdi. Qadınlar paltarın üstündən döşlük taxırdılar, onu naxışla və sərmə (xırda içi boş gümüş borucuqlar) ilə bəzəyirdilər.