QARABAĞ MƏDƏNİYYƏTİ
21 Mart 2022 / 15:48

“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşanın ədəbi həyatına həsr olunub

“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı Şuşanın ədəbi həyatına həsr olunub

222

07.03.2022

“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə ilk təqdimat qala-şəhərimizin poeziya mühitinə həsr olunub.

Azərbaycan ədəbiyyatının çox tanınmış simaları Şuşada doğulub boya-başa çatıb, yaxud da həyat və fəaliyyətlərinin müəyyən dövrü bu şəhərlə bağlı olub. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətlərin adı Şuşa ilə qoşa çəkilir.

Azərbaycan ədəbiyyatında realist şeirin əsası M.P.Vaqif tərəfindən qoyulub. Xalq şeirinin ustadlarından olan şair milli ədəbiyyatın yеni istiqamətdə inkişafında mühüm rol oynayıb. Sonralar xalq şeiri Qasım bəy Zakir, Abdulla bəy Asi, Baba bəy Şakir, Abdulla Canızadə və başqaları tərəfindən inkişaf etdirilib, tənqidi realizmin üfüqləri genişlənib...

Şuşa ədəbi mühitində klassik ədəbi ənənələr də uğurla davam etdirilib. XIX əsrdə Şuşa ədəbi məclisləri divan ədəbiyyatını yaşatmaqla yanaşı, özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələrlə fərqlənib. Qarabağ xanı İbrahim Xəlil xanın nəvəsi olan Cəfərqulu xan Nəva 1829-cu ildən Rusiyadan sürgündən qayıtdıqdan sonra Şuşada 30-40 nəfər yaradıcı şəxsin iştirakı ilə müntəzəm ədəbi məclislər təşkil edib. Sonrakı illərdə Xurşidbanu Natəvanın “Məclisi-üns” (“Dostluq məclisi”, 1864) və Mir Möhsün Nəvvabın “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”, 1872) ədəbi məclislərinin timsalında Şuşa Azərbaycan ədəbiyyatı tarixində məclis mədəniyyətinin əsas mərkəzlərindən biri kimi məşhur olub.

Dövrünün mühüm ədəbi birlikləri olan bu ədəbi məclislər həm də bir şeir-sənət məktəbi missiyasını yerinə yetirib. Poetik məclislərdə ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmləndirilir və gələcək nəsillərə ötürülürdü. Ədəbi məclis təmsilçilərinin xalq şeiri tərzində yazmasına əhəmiyyət verən böyük maarifçi və mətbuat xadimi Həsən bəy Zərdabi onlara bu tip şeirləri aşıqlara verməyi, xalq şənliklərində oxutmağı, xalqı maarifləndirməyi tövsiyə etmişdi. Bu isə xalq ilə ziyalı və şairlərin ünsiyyətini artırır, cəmiyyətdə maariflənmənin təşkilinə yol açırdı. Məclis yığıncaqlarında yazılan şeirlərin müzakirəsi, forma-məzmun xüsusiyyətlərinin dəyərləndirilməsi ədəbi tənqid və ədəbi prosesin inkişafına öz müsbət təsirini göstərirdi.

“Məclisi-üns”də Mirzə Rəhim Fəna, Xurşidbanu Natəvan, Mirzə Sadıq Piran, Hacı Abbas Agah, Mirzə Ələsgər Növrəs, Məmo bəy Məmai, Məhəmmədəli bəy Məxfi, Mehdiqulu xan Vəfa və başqaları iştirak edirdilər.

Mir Möhsün Nəvvabın evində fəaliyyət göstərən "Məclisi-fəramuşan"da isə Abdulla bəy Asi, Fatma xanım Kəminə, Mirzə Əbdül Şahin, Molla Saleh Bülbül, Bəhram bəy Fədai və başqaları təmsil olunurdu.

Qeyd edək ki, həmin dövrdə Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən ədəbi məclislər arasında sıx əlaqə mövcud idi və şairlər bir-biri ilə yazışır, ədəbi prosesdəki yeniliklərdən xəbərdar olurdular.

Ədəbi yığıncaqlar həm də musiqi məclisi idi və burada söz, şeirlər yanaşı muğam sənətinin yaşadılması, təbliği diqqətdə saxlanılırdı. Tarzən və xanəndələr Sadıqcan, Hacı Hüsü, Məşədi İsi, Keştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqaları ədəbi məclislərdə fəal iştirak edirdilər. İncəsənətin fərqli növlərini əlaqəli formada təqdim edən Şuşa ədəbi məclisləri eyni zamanda rəssamlıq, xəttatlıq fəaliyyətini də mərkəzləşdirən mədəniyyət ocaqları idi.

Bütövlükdə Şuşanın necə bir ədəbiyyat və mədəniyyət mərkəzi olmasını, mədəni inkişafa verdiyi töhfələri elə şəhərdəki ədəbi məclislərin fəaliyyəti nümunəsində də görmək mümkündür.