QARABAĞDAKI İRSİMİZ
27 Aprel 2022 / 16:08

Şeyx Heydər türbəsi qeydiyyata alınıb

“Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməyib”.

 

Bunu APA-ya açıqlamasında Mədəni İrsin Qorunması və Bərpası Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

 

O qeyd edib ki, Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km şimal-şərqində yerləşən Şeyx Heydər türbəsinin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb: “Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Onu da vurğulayaq ki, bir müddət əvvəl həmin türbənin ön və arxa hissəsində naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işlərinin aparıldığı aşkar edildikdən sonra, Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, belə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər görülüb”.

 

Xatırladaq ki, Şeyx Heydər Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin atasıdır. O, 1488-ci ildə Şirvanşahlarla döyüş zamanı həlak olub və indiki Xızı rayonu ərazində dəfn edilib.