QARABAĞDAKI İRSİMİZ
24 Mart 2022 / 21:16

Ağdam çörək muzeyi haqda inanılmaz faktlar

Dünyada ikinci, MDB-də isə birinci və yeganə hesab edilən Ağdam Çörək Muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 1983-cü il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etmişdi.

 

Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Yerli mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunurdu. Kompleksə karvansaray da daxil idi. Sovet dönəmində “Dəyirman həyəti” adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verilir.

 

Dəyirman 1987-ci ildə tam işlək vəziyyətə gətirilir.

 

Muzeydə aparılan tərtibat işlərini Mədəniyyət nazirliyin bədii tərtibat idarəsinin əməkdaşı Eduard Krupkinin rəhbərlik etdiyi qrup həyata keçirir. Nümayəndə heyətinə isə muzeylər idarəsinin rəisi Səriyyə İsmayılova rəhbərlik edir.

 

Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində hədəf götürmüşdü. Qarabag üzrə rayonlararası prokurorluğun baş müstəntiqi işləyən Zahid Vəliyev 64525 №li cinayət işinin materiallarında qeyd edilir ki, 12 avqust 1992-ci ildə Ağdam şəhəri keçmiş Əsgəran rayonunun Xanabad və Naxçivanik kəndləri tərəfdən güclü raket və top atəşinə tutulmuş, nəticədə raketlərdən biri Çörək Muzeyinə düşmüşdü. Məhz bu mərmi muzeyin varlığına birdəfəlik son qoyası oldu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmur. Nəticədə muzeydə olan 1500-dək eksponat yanaraq məhv olur.