XALÇAÇILIQDA BİZ
30 Mart 2022 / 15:55

Xalça Muzeyində “Rəngarəng qobelen dünyası” adlı sərgi açılıb

Azərbaycan Milli Xalça Muzeyində qobelen və xalça üzrə tanınmış rəssam Tamilla Abdullayevanın “Rəngarəng qobelen dünyası” adlı sərgisi açılıb.

 

Sərgidə xalçaçı rəssamın 1990-2022-ci illərdə yaratdığı 50-dən artıq əsər – qobelen, xalça və xalça eskizi nümayiş olunub.

 

Həmçinin sərgidə “Kəpənəklər”, “Ağaclar”, “Qədim Azərbaycan rəmzləri”, “Təbiət ünsürləri”, “Dörd fəsil” adlı silsilə əsərləri, o cümlədən abstrakt və çiçək kompozisiyalı əsərlər təqdim olunub.

 

Rəssam bu əsərləri yaradarkən əksər hallarda hazır eskizdən deyil, yalnız bədii ideya və improvizasiya bacarığından bəhrələnib.

 

Sərgidə T.Abdullayevanın ustadı, görkəmli rəssam Lətif Kərimovun yaradıcılıq yolunu davam etdirərək yaratdığı “İslimibəndlik”, “Əfşan”, “Saxsıda güllər” xalçaları da yer alıb.

 

Yüksək zövq və romantik qəlbə sahib rəssamın bu əsərlərində rəng və ornamentlər arasında çox gözəl bağlılıq qurulub.

 

Qeyd edək ki, sərgi çərçivəsində mühazirə, rəssamla görüş, qobelentoxuma üzrə ustad dərslər, tematik ekskursiyalar da keçiriləcək.