XALÇAÇILIQDA BİZ
04 Aprel 2022 / 13:04

Borçalı xalçaları YUNESKO-nun Gürcüstandakı layihəsində yer alıb

YUNESKO-nun Gürcüstanda həyata keçirdiyi “Kreativ sənayelərin inkişafı üçün ənənəvi gürcü süfrəsi” layihəsi başa çatıb.

 

“Report”un xəbərinə görə, layihəyə Tbilisi Dövlət İncəsənət Akademiyasında açılan sərgi ilə yekun vurulub.

 

Tədbirdə Gürcüstan Prezidenti Salome Zurabişvili, Akademiyanın rektoru Giorgi Ququşvili, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyinin nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

 

Layihə çərçivəsində ötən ilin dekabr ayında Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Borçalı xalçaları da sərgilənib, ustad dərsi keçirilib.

 

Akademiyanın dekanı Tinatin Kldiaşvili layihəyə dəstək verdiyinə görə muzeyin direktoru Leyla Əliyevaya təşəkkür edib. Layihə rəhbəri Azərbaycan mədəniyyət ocağı ilə yaxşı münasibətlərin olduğunu bildirib: “Layihənin uğurlu alındığını düşünürəm. Borçalı xalçalarının sərgilənməsi layihəyə rəngarənglik qatdı. Ümid edirəm ki, əməkdaşlığımız dostluq, mədəni və yaradıcılıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.

 

L.Əliyeva öz növbəsində layihədə iştirakdan məmnunluq ifadə edib. O, Borçalı xalçaçılıq sənətinin təbliği üçün yaradılan imkana görə təşkilatçılara minnətdarlığını bildirib.

 

Borçalı xalçasının toxunmasını və naxışlarını əks etdirən fotoşəkillər layihə haqqında dərc olunan kataloqa və hesabat videoçarxına da daxil edilib.

 

Qeyd edək ki, YUNESKO-nun dəstəyi ilə 2020-2021-ci illərdə reallaşdırılmış layihənin əsas məqsədi ənənəvi gürcü süfrəsinin ənənə və texnologiyasının populyarlaşdırılmasından, Gürcüstan üzrə sənətkarlıq sahəsində çalışanların peşəkarlığının artırılmasına və məşğulluğuna kömək etməkdən ibarət olub.

 

360

361

362

363