22 Aprel 2022 / 11:36

“Yeni adlar” layihəsi çərçivəsində növbəti musiqi axşamı

Mədəniyyət Nazirliyi tərəfindən bu ilin martından həyata keçirilən “Yeni adlar” layihəsi davam edir. Layihənin məqsədi milli musiqimizin, mədəni irsimizin qorunmasına, ifaçılıq sənətinin inkişafına töhfə vermək, Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğinə, onların estetik zövqünün formalaşmasına, istedadlı gənclərin üzə çıxmasına və geniş auditoriyada tanınmasına yardımçı olmaqdır.

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti layihə üzrə musiqi axşamı gerçəkləşib. Azərbaycan Milli Konservatoriyasının məzunları, respublika və beynəlxalq müsabiqələr laureatları İbrahim Babayev və Atabəy İsmayılovun (hər ikisi tar) iştirakı ilə konsert proqramı keçirilib.

 

Konsertdə gənc musiqiçiləri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiət edib. Gecədə Musa Mirzəyevin "Azərbaycan rəqsi", Niyazinin "Qaytağı", Hacı Xanməmmədovun kamança və orkestr üçün konsert (tar üçün işləmə), tar və orkestr üçün 2 nömrəli konsert əsərləri ifa olunub. Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə mötəbər konsert zallarında ifasına şərait yaradılması onların inkişafı üçün böyük stimuldur.