30 Aprel 2022 / 16:06

Filarmoniyada “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert

Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə gənc istedadlı musiqiçilərin konserti keçirilib.

 

Proqramda dirijor, Beynəlxalq müsabiqələr laureatı Orxan Həşimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, eləcə də solistlər – respublika və beynəlxalq müsabiqələr laureatları, pianoçular Rüstəm Zeynalov və Ceyhun Əzizov çıxış ediblər.

 

Tamaşaçılar Lüdviq van Bethoven və Sergey Raxmaninovun əsərlərindən ibarət konsert proqramını böyük maraqla qarşılayıblar. Konsert gurultulu alqışlarla başa çatıb.

 

Qeyd edək ki, Rüstəm Zeynalovun adı 2008-ci ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Musiqiçi müxtəlif müsabiqələr və festivalların laureatı və birinci yerin sahibidir. Onların arasından gənc pianoçuların F.Şopen adına IX Beynəlxalq müsabiqəni, Avropa Piano Müəllimləri Assosiasiyası VIII Beynəlxalq müsabiqəni (Xorvatiya), IX Beynəlxalq "Young Academy Award" piano yarışmasını (İtaliya), həmçinin "Young euro classic" (Almaniya), "Piano Pic" (Fransa), "Pontino" (İtaliya), "Delfi oyunları" (Qazaxıstan), eləcə də M.Rostropoviç və Ü.Hacıbəyli Beynəlxalq Musiqi Festivalını misal çəkmək olar.

 

Ceyhun Əzizov da ölkə və beynəlxalq miqyaslı müsabiqələrdə, festivallarda iştirak edərək uğurlu nəticələrlə birinci yerin sahibidir. Onların arasından gənc ifaçıların I Respublika müsabiqəsini, X Beynəlxalq müsabiqəni (Rusiya), Vaja Çaçava adına Beynəlxalq müsabiqəni (Gürcüstan), XII Beynəlxalq müsabiqəni (Fransa) göstərmək olar.

 

Qeyd edək ki, “Yeni adlar” layihəsi gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği və musiqi, estetik zövqünün formalaşdırılması məqsədi daşıyır. Eləcə də istedadlı gənclərin üzə çıxarılması, onların geniş auditoriya tərəfindən tanınmasına şərait yaradır.

 

516

517