XALÇAÇILIQDA BİZ
18 May 2022 / 11:47

Xalça Muzeyində fotosərgi - “Danışan abidələr”

Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra tədbirlər keçiriləcək.

 

Gənc nəsli milli mədəni irsimizin qorunması istiqamətində maarifləndirmək, onların diqqətini muzeylərin, tarixi abidələrin mühafizəsinə cəlb etmək məqsədilə təşkil olunan tədbir çərçivəsində ilk olaraq “Danışan abidələr” fotosərgisi açılacaq. Sərgidə Qarabağın ermənilər tərəfindən işğalı dövründə dağıdılmış muzey və tarixi-mədəni abidələrimizin fotoları nümayiş etdiriləcək. Fotolardakı abidələr haqqında qonaqlara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri məlumat verəcəklər.

 

Bununla yanaşı, Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovla çətən üzrə ustad dərsləri keçiriləcək.

 

Muzeyin balaca dostları üçün isə ekspozisiyada maraqlı və əyləncəli kvest oyunu təşkil olunacaq. Onlara Şuşa İli münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası göstəriləcək. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.

 

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il ICOM tərəfindən “Muzeylərin gücü” devizi elan edilib.