XALÇAÇILIQDA BİZ
20 May 2022 / 14:53

Milli Xalça Muzeyində “Danışan abidələr” adlı fotosərgi açılıb

Mayın 20-də Azərbaycan Milli Xalça Muzeyində “Danışan abidələr” adlı fotosərgisi açılıb.

 

Sərgi Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunub.

 

Mədəniyyət Nazirliyi sektor müdiri Altun Mikayıllı bildirib ki, müasir dövrdə muzeylər tək nümayişlə kifayətlənmir, eyni zamanda elmi tədqiqatla məşğul olur. Milli Xalça Muzeyi də bu istiqamətdə fəaliyyət göstərir. O, həmçinin “Danışan abidələr” layihəsini gənc nəslin tərbiyəsində xüsusi rol oynadığını vurğulayıb.

 

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzin direktoru Rafael Gülməmmədov ekspozisiyanın mahiyyəti haqqında danışıb. Bildirib ki, abidələr haqqında düzgün məlumat əldə etmək üçün kifayət qədər məlumatlı olmaq lazımdır: “Elə abidələr var ki, tamamilə dağıdılıb. Bunun üçün tədqiqat aparmalı, vikipedia kimi bir sıra mənbələrdən məlumat toplamaq lazımdır”.

 

Fotolardakı abidələr haqqında qonaqlara Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri məlumat veriblər.

 

Bununla yanaşı gün ərzində Milli Xalça Muzeyində Əməkdar rəssam Yelena Haqverdiyeva ilə tekstil vitrajların hazırlanması, Əməkdar rəssam Taryer Bəşirovla çətən üzrə ustad dərsləri keçiriləcək.

 

Muzeyin balaca dostları üçün isə ekspozisiyada maraqlı və əyləncəli kvest oyunu təşkil olunacaq. Onlara “Şuşa İli” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşası göstəriləcək. “Uçan xalça” nağılı və onun əsasında hazırlanan ssenari, səhnə tərtibatı, həmçinin marionet kuklalar muzey əməkdaşları və muzeyin nəzdində fəaliyyət göstərən “Uşaq Birliyi”nin üzvləri tərəfindən ərsəyə gətirilib.

634