ETNOQRAFİYAMIZ
27 May 2022 / 10:14

Qədim karvan yolu üzərindəki karvansaray bərpa ediləcək FOTO VİDEO

Qobustan rayonu mağaralar, türbələr, karvansaraylar, eləcə də digər tarixi abidlərlə zəngindir. Azərbaycanın ən qədim yaşayış yerlərindən olan Qobustan vaxtilə Şirvan vilayətinin tərkibində idi. Qədim türk sözü olan “qobu” (qobi) - quru, susuz yer, ölkə, oba mənasını daşıyır.

 

Rayona gələn yerli və xarici qonaqlar əsasən qədim abidələri görməyə üz tuturlar. Turistlərin daha çox ziyarət etdikləri tarixi abidlərdən biri də Şah Abbas karvansarayıdır.

 

Rayon sakini Daşqın Rəhimovun həyətyanı sahəsində olan bu tarixi abidəni ev sahibi 30 ilə yaxındır mühafizə edir. Müsahibimiz gələn turist sayından məmnun olsa da, abidənin bir qədər dağıntıya məruz qalmasından narahatdır. Əhəng daşından inşa edilən karvansarayın dörd adi, bir günbəzli otağı var. Abidənin üzərində olan qalın daş və torpaq qatı onun yükünü daha da ağırlaşdıraraq ömrünü azaldır.

 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev deyir ki, karvansaraylar əsasən karvan ticarət yolunun üstündə inşa olunurdu. Vaxtı ilə Bakıdan Şamaxı istiqamətində olan yolun üzərində bir neçə karvansaray olub. Onlardan biri də Şah Abbas karvansarayıdır. Öz dövrünə görə zövqlə inşa edilən tarixi abidənin üzərində onun tikilmə vaxtının XVII əsrə aid olunduğu qeyd olunsa da, karvansarayın tikilmə arxitekturasına baxanda tikilinin XV əsrə aid olduğunu təxmin edə bilərik. Ekspedisiya rəhbəri böyük karvan yolunun üstündə yerləşən karvansarayın təmir-bərpasına ehtiyac duyulduğunu vurğulayıb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynlinin sözlərinə görə, Qobustan rayonu ərazisində yerləşən bir sıra tarix-mədəniyyət abidələrinin bərpası investisiya planına daxil edilib. Qeyd edək ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işlərinə cəlb olunur. Həmin karvansarayın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.

 

Fariz Hüseynli onu da bildirib ki, Dövlət Xidməti tərəfindən ölkə ərazisində yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı həyata keçirilən monitorinqlər nəticəsində rayon üzrə reyestrə daxil edilməyən 36 abidə aşkarlanaraq, dövlət mühafizəsində olan abidələrin siyahısına daxil edilməsi üçün qeydiyyata götürülüb. Monitorinq prosesi davam etdirilir.

 

Xatırladaq ki, Qobustan rayonu ərazisi üzrə 62 tarix-mədəniyyət abidəsi var. Onlardan 11-i ölkə əhəmiyyətli arxeoloji, 4-ü yerli əhəmiyyətli memarlıq abidəsi, 11-i yerli əhəmiyyətli arxeoloji abidələrdir.

 

///AZƏRTAC

683

684

685