TEATRLARIMIZ
14 Mart 2022 / 14:13

“İsgəndərə yeni namə” tamaşası nümayiş olunub - FOTO

Mədəniyyət Nazirliyinin dəstəyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə Akademik Milli Dram Teatrında “Nizami Gəncəvi İli” çərçivəsində hazırlanmış “İsgəndərə yeni namə” tamaşası nümayiş olunub.

 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, ədəbi əsərin müəllifi İlqar Fəhmi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nihad Qulamzadədir. Tamaşanın səhnə plastikası Xalq artisti Pərviz Məmmədrzayevə, səhnə qrafikası Binyamin Sailova məxsusdur. Səhnə əsərində Xalq artisti Nurəddin Mehdixanlı (Hörmüz), Əməkdar artistlər Şövqi Hüseynov (Xızır), Elşən Rüstəmov (Əflatun), Kəmalə Müzəffər (yaşlı Rövşənək), İlqar Cahangir (İsgəndərus), aktyorlar Ziya Ağa (İsgəndər), Fəridə Şahbazova (gənc Rövşənək), Rüstəm Rüstəmov (Ərəstun), Vüsal Mustafayev (Dəğyənus), Elçin Əfəndi (Antiqon) və Sənan Kazımlı (Vəliəhd Sokrat) çıxış ediblər.

 

Teatrdan bildirilib ki, “İsgəndərə yeni namə” layihəsi Nizami irsinin teatr sənəti vasitəsilə retranslyasiyasını hədəfləyir. Layihənin əsas məqsədi Nizami Gəncəvinin hər hansı əsərini səhnəyə gətirmək yox, Nizami ruhunu, Nizami fəlsəfəsini müasir sənət düşüncəsi müstəvisində aktuallaşdırmaqdır. Belə ki, yazıçı-dramaturq İlqar Fəhminin Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının motivləri əsasında tərtib etdiyi yeni ədəbi əsas – “İsgəndərə yeni namə” poemasının xəyali sequelidir.