XALÇAÇILIQDA BİZ
29 Mart 2022 / 13:29

“Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçiriləcək

Martın 29-da Azərbaycan Milli Xalça Muzeyində “Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma” layihəsinin təqdimat mərasimi keçiriləcək.

 

Bu beynəlxalq nüfuza malik art-menecer və təcrübəli sənətşünas Cahangir Səlimxanovun “Mədəni üfüqlər” adlı müəllif proqramına daxil olan 6 layihədən biridir. Könül Rəfiyevanın kuratoru olduğu layihə innovativ təqdimat üsullarının sərgi məkanına tətbiqi nümunəsidir.

 

Burada muzey​ kolleksiyasının ən dəyərli eksponatlarından olan​ XVIII əsrə aid unikal Qarabağ xalçasının videoinstalyasiyası nümayiş etdiriləcək. Ziyarətçilər martın 29-da saat 10.00-dan 18.00-dək ekspozisiyada yerləşdirilən videoinstalyasiya ilə tanış ola biləcəklər.

 

Qrafik-dizayner Timur Əmirxanovun vizuallaşdırdığı videoinstalyasiya elektron musiqi prodüseri və tar ifaçısı İbrahim Babayevin “vİBrant” adlı yeni albomuna daxil olan “Muğam+” bəstəsi ilə müşaiyət edilir.

 

“Bir xalçanın sirri: muzey obyektlərinə yeni yanaşma”​ layihəsi​ Almaniya Xarici İşlər Nazirliyinin Mədəniyyət və Təhsil Təşkilatlarına Beynəlxalq Yardım Fondu (International Relief Fund2021), Goethe İnstitutu və digər tərəfdaşların maliyyələşdirdiyi, mədəniyyət və incəsənət xadimləri üçün nəzərdə tutulan “Mədəni üfüqlər” adlı təhsil proqramı çərçivəsində həyata keçirilir.