ŞUŞA 2022
11 May 2022 / 17:07

"Şuşa 270 il" adlı sənədli filmin çəkilişi üçün müsabiqə elan edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Şuşa İli” ilə bağlı tədbirlər planına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Şuşa 270 il” adlı sənədli film ərsəyə gətiriləcək.

 

Şuşa qalasının təməlinin qoyulmasının 270-ci ildönümünə həsr olunacaq filmdə mədəniyyət paytaxtımızın yaranma tarixi, nadir coğrafi mövqeyi və əsrarəngiz təbiəti ilə yanaşı, onun Qarabağ xanlığı dövrü, Azərbaycanın və bütün Cənubi Qafqazın ictimai-siyasi həyatındakı müstəsna roluna toxunulması nəzərdə tutulub.

 

Sənədli filmdə, eyni zamanda, ədəbi, mədəni, elmi və ictimai fikir mühitinin görkəmli nümayəndələri olan Şuşa ziyalıları, Şuşa mədəniyyətinin Azərbaycan, eləcə də dünya mədəni irsinə verdiyi töhfələr əks etdiriləcək. Bununla bərabər, şəhərin tarixi, dini ibadət yerləri, işğaldan sonra vandalizmə məruz qalması, işğaldan azad olunması, həmçinin bərpa-quruculuq işlərinin başlanılmasından bəhs edilməsi planlaşdırılır.

 

Müsabiqədə iştirak etmək istəyənlər 2022-ci il mayın 6-dan iyunun 8-dək müraciət edə bilərlər.

 

Müsabiqənin şərtləri ilə tanış olmaq üçün (012) 497-15-39 nömrəsinə zəng vurmaq və yaxud göstərilən linkə daxil olmaq lazımdır: //www.etender.gov.az/competition/open-tenders .