ŞUŞA 2022
03 İyun 2022 / 13:30

Qarabağ Dirçəliş Fondu Şuşada Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulması üçün maliyyə dəstəyi göstərib

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, o cümlədən görkəmli şəxsiyyətlərimizin heykəllərinin bərpası və yenidən qurulmasına başlanılıb.

 

Yenidən qurulan abidələr sırasında dünyaşöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin heykəli də yer alır.

 

Heydər Əliyev Fondunun sifarişi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. 2020-ci il dekabrın 1-də yenidən qurulmasına başlanılan heykəlin açılış mərasimi 2021-ci il avqustun 29-da baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

 

Abidənin yenidən qurulması üçün tələb olunan bütün xərclər Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi hesabına qarşılanıb.

 

Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın Şuşada ucaldılan heykəli, Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminin nəticəsində tamamilə məhv edilib.

 

Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Hündürlüyü 3,2 metr olan yeni heykəl heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

 

Dünyaşöhrətli bəstəkar Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşanın Ağcabədi kəndində anadan olub. Uşaqlığı Qafqazın “konservatoriyası” adlandırılan Şuşada keçib. Şuşanın gözəl təbiəti, zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərib.

 

Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə dahi bəstəkarın doğum günü – 18 sentyabr 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.