TEATRLARIMIZ
03 Mart 2022 / 15:32

DOST Mərkəzində “Solğun sevgilər” tamaşasının təqdimatı olub - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və “Oyun” Teatr-studiyasının əməkdaşlığı çərçivəsində “Solğun sevgilər” tamaşasının təqdimatı olub.

 

Nazirlikdən verilən xəbərə görə, Cəfər Cabbarlının “Solğun çiçəklər” dramı əsasında hazırlanan tamaşanın təqdimat mərasimində hökümət rəsmiləri, millət vəkilləri, mədəniyyət xadimləri, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

 

Tamaşa insanları sevginin saflığını uca tutmağa çağırır, sədaqəti, səmimiyyəti, ülvi duyğuları təbliğ edir. Tamaşanın yaradıcı heyətinin əksəriyyəti əlilliyi olan şəxslərdir. Yeniyetmə, uşaq və gənclərin rol aldığı tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

 


Qeyd edək ki, nazirliyin dəstəyi ilə 2018-ci ilin dekabrından başlayaraq ƏSA Teatrı tərəfindən “Göy quş” tamaşası, “Nəsimi ili”nə bir töhfə olaraq “Nəsimi” antreprizası, “And” tamaşaları hazırlanaraq uğurla təqdim olunub.

 

2019-cu ildə isə nazirliyin dəstəyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərdən ibarət “Oyun” Teatr-studiyası da yaradılıb. Məqsəd istedada malik əlilliyi olan və olmayan şəxslərin incəsənətdə inklüziv şəraitdə, birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, cəmiyyətə “Əlillik qüsur deyil” mesajını çatdırmaqdır.

 

 

 

136