TEATRLARIMIZ
14 May 2022 / 12:41

“Bəxtiyar” filmi səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur “Bəxtiyar” filmi əsasında hazırlanmış eyniadlı tamaşanın ilk nümayişi olub. Bu filmin səhnə versiyasının hazırlanması haqqında məlumatım var idi. Düşünürdüm ki, görəsən, on illər boyu populyarlığını və aktuallığını itirməyən filmin səhnə versiyası baxımlı olub, tamaşaçıları qane edə biləcəkmi? Nəhayət, ilk tamaşanın nümayış günü yetişdi və mən Akademik Musiqili Teatrın səhnəsində adı çəkilən tamaşaya baxdım.

 

Bu fikirlər teatrşünas Çingiz Ələsgərlinin “Bəxtiyar” filmi səhnədə” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

 

Haşiyə çıxıb yada salmaq istəyirəm ki, hamımızın bu günə qədər sevə-sevə izlədiyi “Bəxtiyar” filmi 1955-ci ildə “Bakı” kinostudiyasında Lətif Səfərov tərəfindən lentə alınıb. Bu film baxımlı rejissor quruluşuna, Tofiq Quliyevin ecazkar musiqi həlli və Rəşid Behbudovun səs sehrində, təkrarsız aktyor ifalarına görə bu günə qədər reytinqini qoruyub saxlayan sənət nümunəsidir. Dünya şöhrətli Rəşid Behbudovun Bəxtiyar, Tamara Çernovanın Saşa və əlbət ki, komik rolların mahir ifaçısı Ağasadıq Gəraybəylinin Ağabala obrazı və digər görkəmli aktyorların yaratdıqları sənət nümunələri yarım əsrdən artıqdır ki, aktuallığını və populyarlığını itirmir. Bu filmdə səslənən bir sıra deyimlər xalq arasında artıq çoxdan zərb- məsələ çevrilib. Nəsillər dəyişsə də bu filmə maraq azalmır. Bu filmin yarandığı vaxtdan yarım əsrdən artıq vaxt keçsə də, Azərbaycan kinosunda xeyli sayda filmlər yaransa da, “Bəxtiyar” adlı ekran nümunəsinə olan maraq nə itir, nə də azalır. Bu təkrarsız sənət nümunəsi bu gün də sevə-sevə izlənilir. Deməli, nə qədər qəribə də səslənsə də, zaman belə yüksək peşəkarlıq nümunəsinə təsir edə bilmək qüdrətində deyil. Bəlkə elə bu səbəbdən Akademik Musiqili Teatrının kollektivi bu əfsanəvi filmə müraciət edib. Amma, bəri başdan deməliyəm ki, bu populyar filmin səhnə versiyasını hazırlamaq çox böyük riskdir. Yaradıcı heyət bu riskə gedərək, maraqlı bir tamaşa yarada biliblər. Tamaşa maraqlı rejissor həlli, bədii bütövlüyü, mükəmməl vokal və baxımlı aktyor ifaları ilə diqqət çəkə bilib. Tamaşanın uğurlu səhnə həllində quruluşçu rejissor başda olmaqla yaradıcı heyətin hər bir üzvünün xidməti şəksizdir. Mən tamaşanın rejissor quruluşu, səhnə tərtibatı, musiqi həlli və əsas obrazların ifaları haqqında düşüncələrimi oxucularla bölüşmək istəyirəm.

 

Tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyev musiqili tamaşanın səhnə həllində yığcamlığa, baxımlılığa və effektliyə çalışıb. Səhnə versiyasına uyğun olaraq bəzi səhnələr və obrazlar ixtisar olunub. Quruluşçu rəssam Elxan Sərxanoğlu hər bir səhnənin məkan bütövlüyünə nail ola bilib. Tamaşanın səhnə tərtibatı müəllif fikrinin rejissor yozumunda açılmasına xidmət edən canlı ifadə vasitələri ilə diqqət çəkir. Ev, konsert salonu, qatar, vağzal və sair səhnələrin tərtibatı maraqlı, baxımlı aktyor ifaları üçün yetərlidir.

 

Tamaşanın musiqi, rəqs və balet həlli səhnə nümunəsi üçün vacib hesab olunur. Xormeyster Yaqub Məstanovun, dirijor Səməd Süleymanlının, konsertmeyster Fidan Babayevanın və rəqslərin quruluş müəllifi Elvira Əzizovanın təqdimati ilə quruluşçu rejissor Cavid İmamverdiyevin yozumunda baxımlı və cəlbedici aktyor ifaları ilə qarşılaşırıq. Tamaşanın əsas obrazları Bəxtiyar, Saşa və əlbət ki, Ağabaladır. Səhnə nümunəsində aktyorların təsvirində hər bir obrazın ifaçısı tamaşanın ideya həllinə xidmət edən təqdimatlardır. Əməkdar artist Əkbər Əlizadə ilə Əliməmməd Novruzovun ifasında Yusif obrazı komik vəziyyətin tələblərinə müvafiq baxımlı və cəlbedicidir. Elçin İmanovla Əməkdar artist Nadir Xasıyevin professor Rəcəbov, Əməkdar artistlər İqrar Salamov və Ələkbər Əliyevin Dmitri Verxovski, Nahidə Orucova (Əməkdar artist) və Rəsmiyyə Nurməmmədovanın Natalya Alekseyevna, Səmədzadə Xasıyevlə Əli Kərimovun Həbib, Hidayət Əliyevlə Murad Əliyevin Petya, Fatma Mahmudova (Xalq artisti), Ülviyyə Əliyeva və Telnaz Hüseynovanın Gülzar, Elnarə Nağdəliyeva ilə Nigar Qafarovanın Zəhra və digər obrazlar aktyorlar tərəfindən baxımlı peşəkarlıq nümunələri kimi qəbul olunurlar. Tamaşa tamlığı və mükəmməlliyi ilə diqqət çəkir. Maraqlı rejissor yozumunda cəlbedici aktyor ifaları orkestr, xor və balet artistlərinin baxımlı oyun tərzləri ilə tamamlanır.

 

Baş obrazların aktyor ifalarına gəlincə Şaban Cəfərov, İbrahim Əlizadə və Emin Zeynallının Bəxtiyar və Aydan Həsənova, Mehriban Zaliyeva və Nəzrin İsmayılovanın Saşa obrazlarının mükəmməl vokal ifaları cəlbedici aktyor oyun tərzləri ilə üst-üstə düşüb, tamaşaçı rəğbəti qazana bilir. Ölməz Tofiq Quliyevin musiqi şedevrlərini dönə-dönə dinləsək də filmin tamaşa həllində bu ecazkar sənət nümunəsini gənc aktyorların ifalarını bir daha sevə-sevə dinlədik.

 

Yaxşı bilirik ki, nə “Bəxtiyar” filmini, nə də “Bəxtiyar” tamaşasını Ağabala adlı obrazsız təsəvvür etmək olmaz. Dramatik hadisələrin bir tərəfində Bəxtiyar, Saşa, professor Rəcəbov və digər müsbət obrazlar, əks tərəfdə Ağabala, Gülzar, Zəhra, Rza və sair mənfi obrazlar durur. Ağabala mənfi obraz olsa da tamaşaçı tərəfindən rəğbətlə və hətta məhəbbətlə qarşılanır. Kino və teatr tarixində belə hallar olur. Tamaşaçılar bu və ya digər mənfi qəhrəmanı sevimli obrazları kimi qəbul edib, alqışlara qərq edirlər. Söz yox ki, Ağabala obrazı da adı çəkilən obrazlar sırasındadır. Xalq artisti İlham Namiq Kamalın Ağabala obrazı, filmdə gördüyümüz və sevdiyimiz nümunədən tam fərqlidir. Ağabala dövrə uyğun müasirləşib, dəbli geyim tərzi, ona ziyalı görkəmi verən eynək və aktyorun təqdimində hərəkət-mizan-davranış toplusu baxımlıdır. O, tanınmaz dərəcədə dəyişsə də biz onu ilk baxışdan dərhal və asanlıqla tanıyırıq. Onu tanımamaq mümkünsüzdür. Ağabala yarım əsrdən artıq yol gəlib, onun geyimi də düşüncə tərzi dəyişərək, tam yenilənib və müasirləşib. O, tam yeni bir Ağabaladır. Amma, yenə elə Ağabaladır.

 

Biz hər gün, bəlkə də hər saat başqa-başqa adları olan neçə-neçə belə ağabalarla rastlaşırıq. Ağabala yenə “mənim klubum” deyir, yenə yoxlama gələndə vəziyyətdən çıxış yolu axtarır və sair. Aktyor yumoristik komik obrazın təsvirində parlaq və rəngarəng boyalardan, dəqiq ştrixlərdən istifadə edir. Deyirlər ki, absurd və anlaşılmazlıq olan yerdə komediya başlanır.

 

Absurd dramaturgiya janrının görkəmli nümayəndəsi E. İonesko yazırdı ki, faciənin ağırlığını çəkməyə güc verən komizmdir. Ağabala obrazının təsvirində İlham Namiq Kamal rəng tonlarından bacarıqla və qədərində istifadə edərək, yumoristik satirik tipaj təqdim edir. Onun komik vəziyyətə uyğun hərəkət mizan toplusu, üzünün mimikasının vəziyyətə uyğun dəyişməyi, konserti apararkən şit gülüşləri və sair obrazın bədii tamlığına xidmət edir. Onun xarici təsvirində qırmızı rənglərin müxtəlif çalarlarının vəhdəti ilə qarşılaşırıq. Ağabalanın boynundakı qırmızı kəpənəklə ayağındakı qırmızı rəngli yüngül ayaqqabılar və konsert pencəyi onun xarici təsvirini tamamlayır. Obrazın müəllif mətninə uyğun hərəkət-mizan toplusu ilə mətnin deyim təqdimatı vəhdət təşkil edir. Müasir Ağabala elə bu görkəmdə ola bilər. Ağabalanın bizə yaxşı tanış olan mətnini dinlədikcə, onun müasir görkəmi arxasında məharətlə gizlədilmiş iç dünyası tədricən üzə çıxır. Ağabala obrazında İlham Namiq Kamal dəqiq daxili dünyasının təqdimi ilə xarici təsvirin vəhdətinə nail ola bilir. O, hərəkətlərində ehtiyatlı və diqqətlidir. Etdiyi çirkin əməllərin ucbatından həmişə xofludur. Onun diqqətli baxışlarından heç nə yayınmır. Ağabala daxili puçluğunu müasir görkəmi arxasında məharətlə gizlədə bilir. Müasir görkəm onun maskasıdır. Ağabala filmdən yaxşı tanıdığımız obraz olsa da, biz onu müasirimiz kimi qəbul edirik. Bu sadəcə olaraq, İlham Namiq Kamalın təsvir etdiyi obrazın müasir təsvir və təqdimatı ilə bağlıdır. İlham Namiq Kamal obrazın xarakterinə köklənərək, müasir Ağabala obrazı yaradır. Ağabala akt- yorun ifasında tam yeni görkəmdə və düşüncə tərzində bizə təqdim olunur. Yeni düşüncə tərzi deyəndə, biz heç də Ağabalanın dəyişərək, müsbət obraza çevrilməyini nəzərdə tutmuruq. Ağabala elə həmin Ağabaladır. O, dəyişə bilməz. Ağabala, sadəcə olaraq, dövrə uyğunlaşaraq asan yolla pul qazanmağın daha müasir yollarını tapan fırıldaqçıya və dələduza çevrilib. O, klubda özünə iş yeri tapıb. Amma bu iş yeri başqa bir idarə və təşkilat da ola bilər. O, tapdığı hər bir iş yerinə öz qohum-əqrəbasını və dost-tanışlarını toplaya bilər. O, özü cılız və mənən puç biri olduğu üçün ətrafında da özünə uyğun olan insancığazları toplamalıdır. Onun əsas işi min-bir fırıldaq qurub kiminsə hesabına pul qazanmaqdır. O, Bəxtiyarı tapanda sevincdən gözləri parıldayır.

 

Başqasının hesabına pul qazananda və bu haram pulları sayanda Ağabala tam tanınmaz olur. Artıq aktyorun üzündə acgözlük və hərislik nişanələri görürük. Aktyor Ağabala obrazını daxilən duyub, bunu xarici təqdimatda dəqiq təqdim edir. Biz bu səbəbdən obrazı tanıyır, müasirimiz bilib, ürəkdən alqışlayırıq.

 

İlham Namiq Kamalın yaratdığı Ağabala obrazı müəllif ideyasına uyğun mükəmməl olub, düzgün seçilmiş rəng çalarlarında təsvir olunur. Mürəkkəb obrazı seyr etdikcə aktyorun zəngin yaradıcılıq imkanlarının əhatə dairəsinə və rəngarəngliyinə heyran qalmamaq mümkünsüzdür. Zəngin xarakterli Ağabala obrazını seyr etdikcə düşünürdüm ki, İlham Namiq Kamal daha mürəkkəb obrazları yaratmağa qadir bir sənətkardır.

 

 

589

588