TEATRLARIMIZ
04 İyun 2022 / 14:02

Akademik Musiqili Teatr növbəti beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

İyunun 23-27-də Belarus Respublikasının Mogilyov vilayətinin Bobruysk şəhərində “Dostluq çələngi” Beynəlxalq Teatr Festivalı keçiriləcək.

 

Dünyanın müxtəlif ölkələrinin nüfuzlu teatrlarının qatıldığı bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı dünyaşöhrətli yazıçı Fyodr Dostayevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşası ilə təmsil edəcək.

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən səfərdə teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov və teatrın səs rejissoru Məhəmməd Məmmədov iştirak edəcəklər.

 

Qeyd edək ki, festivalda quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan “Utancaq qız” monotamaşası təqdim ediləcək, əsərin yeganə qəhrəmanı Şövqi Hüseynov səhnəyə çıxacaq.

 

Tamaşa iyunun 25-də festival iştirakçılarına təqdim olunacaq.

 

Bu, “Utancaq qız”ın xaricə ikinci səfəridir. Tamaşa bundan öncə cari ilin fevral ayında Tehranda keçirilən “Fəcr” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.

 

Azərbaycanı təmsil edən nümayəndə heyəti, eyni zamanda, beynəlxalq layihənin proqramına əsasən ölkələrarası mədəni əlaqələrin inkişafına dair müxtəlif görüşlərdə və tədbirlərdə iştirak edəcək, Akademik Musiqili Teatrla başqa sənət ocaqları arasında əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanacaq.