TEATRLARIMIZ
11 İyun 2022 / 13:24

“Xanuma” tamaşası yenidən səhnədə

İyunun 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa yenidən nümayiş olunacaq.

 

Tamaşa Mikayıl Mikayılovun quruluşunda hazırlanıb. Quruluşçu rəssamı Mustafa Mustafayev olan səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir. Tamaşada rəqslərin quruluşu Zakir Ağayev və Yelena Ağayevaya məxsusdur.

 

Tamaşada əsas rolları Xalq artistləri Bəsti Cəfərova, Cəfər Namiq Kamal, Ramiz Novruz, Səidə Quliyeva, Hacı İsmayılov, Əməkdar artistlər Mətanət Atakişiyeva, Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Kazım Abdullayev, Məsmə Aslanqızı, Elşən Rüstəmov, İradə Həsənova və digərləri ifa edib.

 

Tamaşaçılar tamaşa boyu rəngarəng musiqilər, maraqlı, zəngin dekorasiya və aktyorların məharətli çıxışlarının şahidi olacaqlar.

 

Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir. Səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.

741