TEATRLARIMIZ
13 İyun 2022 / 11:41

“Qürbətdən gələn məktublar” tamaşası yenidən səhnədə

İyunun 17-si Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan ikihissəli dram – “Qürbətdən gələn məktublar” tamaşası nümayiş ediləcək.

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.

 

Səhnə əsərində əsas rolları Xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Elşən Cəbrayılov, Vəfa Rzayeva, aktyorlar Rüstəm Rüstəmov və Elçin Əfəndi ifa edirlər.

 

Əsər Azərbaycan dramaturgiyasının banisi M. F. Axundzadə və onun oğlu Rəşid haqqındadır. Ədib oğlunun Avropada təhsil alaraq, milləti üçün layiqli vətəndaş olmasını arzulayır. Ata övladı üçün əlindən gələni əsirgəmir və hər dəfə oğlundan məktub alanda sevinci yerə-göyə sığmır. Əsərdə müəllif M.F.Axundzadənin millət və yetişməkdə olan gənc nəsil haqqında qiymətli fikirlərinin şahidi oluruq.

 

Qeyd edək ki, əsər ilk dəfə 2003-cü ildə rejissor Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadə obrazını ilk dəfə mərhum aktyor, Xalq artisti Əliabbas Qədirov canlandırıb.