TEATRLARIMIZ
14 İyun 2022 / 16:10

Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşasının premyerası olub

 İyunun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrın hazırladığı “Xan qızı” tamaşasının premyerası keçirilib.

 

Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi münasibətilə yeni quruluşda hazırlanmış tamaşa Milli Qurtuluş Gününə, görkəmli yazıçı dramaturq İlyas Əfəndiyevin və Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr edilib.

 

Əsərin yeni quruluşunun müəllifi və rejissoru görkəmli teatr rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov tamaşaçıları 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, teatr bu dəfə dünya ədəbiyyatının böyük klassiki İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesinə müraciət edib. Tamaşaya “Xan qızı” adı verilməsinin səbəbini açıqlayan rejissor deyib: “1981-ci ildə əsəri ilk dəfə səhnələşdirərkən tamaşanın adını “Xurşidbanu Natəvan” qoyduq. Çünki sovet dönəmində “Xan qızı” adı ilə tamaşa hazırlamaq olmazdı. Beləliklə, “Xurşidbanu Natəvan” adı altında oynanılan bu tamaşa uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsini bəzədi. O zaman Natəvan obrazını görkəmli teatr və kino aktrisası Amaliya Pənahova yaratmışdı. Lakin müstəqillik dövründə tamaşaya yeni quruluş verdik, adını isə “Xan qızı” qoyduq”.

 

Yeni quruluşda olan tamaşada Ülviyyə Rza (Xurşibanu Natəvan), Tural Əhməd (Xasay bəy), İsmayıl Atakişiyev (Canişin), Əməkdar artist Rafiq İbrahimov (Mirzə Ruhulla), Toğrul Rza (Mirzə Rəhim), Əhməd Salahov (Həsən bəy), Mehman Abdullayev (Mirzə Məmmədqulu), Zülfiyyə Qurbanova (Fəhim xanım), Təzəgül Məmmədova (Süsən), Zülfiyyə Məmmədova (Qönçə), Aynur Abbasova (Bəyim), Günel Həmidova (Pakizə Bəyim), Əzizə Həşimova (Gülgün) iştirak edirlər.

 

Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə unudulmaz sənətkarlar, görkəmli teatr və kino xadimləri Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılıb. Bu illər ərzində teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyesləri uğurla səhnələşdirilib. Teatr yarandığı gündən indiyədək saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, cəbhə bölgələrində, eyni zamanda, xaricdə uğurla təbliğ edir.