21 Mart 2022 / 16:09

Bakıda “Teatr baharı” I Müstəqil Teatrlar Festivalı keçirilib

Mədəniyyət Nazirliyinin dəstəyi və nazirlik yanında İctimai Şuranın təşkilatçılığı ilə Müstəqil Teatrlar Festivalının açılışı olub.

 

Festivalın məqsədi ölkədəki teatr mühitinin yeni adlar və formalarla zənginləşməsinə, səhnə sənətinin gənclər arasında populyarlaşması və təşviqinə töhfə verməkdir.

 

R.Behbudov adına Dövlət Mahnı Teatrının zalını dolduran tamaşaçılar qarşısına ilk olaraq layihənin təşkilatçılarından biri, Xalq artisti, Dövlət Yuğ Teatrının aktyoru və müstəqil “M.Teatr”ın yaradıcısı Vidadi Həsənov çıxıb.

 

Sözünə dost Ukraynada davam edən qanlı hadisələrlə başlayan aktyor tamaşaçılardan münaqişə zamanı dünyasını dəyişənlərin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib. Sənətkar bəşəriyyətin xilasına ümid etdiyini bildirdi, mədəniyyətin, sənətin barışdırıcı, birləşdirici missiyasından danışıb.

 

Festivalın proqramı barədə danışan Vidadi Həsənov  bildirib ki, proqrama müxtəlif janr və üslubda 11 tamaşa daxil edilib. Vurğulayıb ki, festival çərçivəsində müzakirə panelləri də təşkil olunacaq. Aktyor gələcəkdə festivalın coğrafiyasının genişlənməsində, bölgələrdə də təşkilində maraqlı olduqlarını deyib.

 

Sonra söz Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovaya verilib. O, nazirliyin ötən müddət ərzində teatr sahəsi, xüsusən müstəqil teatrların inkişafına yönələn təşəbbüslərini qeyd edib. Festivalın təşkilinin təqdirəlayiq olduğunu deyən şöbə müdiri bundan sonra da nazirliyin teatrla bağlı layihələrində özəl teatrlara da geniş yer veriləcəyini vurğulayıb.

 

Nazirliyin dəstək verdiyi festivallar, laboratoriya və ustad dərsləri, müstəqil mübadilə proqramları barədə söz açan F.Acalova təşkilatçılara təşəkkürünü bildirib, iştirakçılara uğurlar arzulayıb.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları – pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, rejissor Fikrət Sultanov və Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, teatrşünas İlham Rəhimli festivalın müstəqil teatrların inkişafına müsbət təsir göstərəcəyini, bu işə maraq göstərən gənclərə stimul olacağını deyib. Milli teatrımızın keçdiyi inkişaf yolu və onun ayrı-ayrı mərhələlərində yaranan və özünün yüksək inkişaf dövrünü yaşayan müstəqil teatrlara, həvəskar truppaların da fəaliyyətinə nəzər salınıb. Bildirilib ki, məhz onların sayəsində ölkəmizdə teatrın janr və formaca müxtəlifliyinə nail olunub və hazırda istedadlı gənclər bu işi layiqincə davam etdirirlər.

 

 

İlk olaraq “Məsəl ya...” adlı səhnə işi təqdim olundu. “M.Teatr”ın (“Mənim teatrım”) təqdim etdiyi akt Xalq artisti Vidadi Həsənovun rejissor yozumudur. Üzeyir Hacıbəylinin musiqiləri fonunda onun felyetonlarından və Mirzə Ələkbər Sabirin daim müasir şeirlərindən istifadə edilməklə hazırlanan tamaşa mükalimə janrındadır. Bizə özümüzü öldürücü gülüş və onun ardındakı düşündürücü dirilişi göstərən tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılandı.

 

Festivalın ilk günü eyni zamanda müstəqil “Laçın” teatr-studiyasının “Arzular bağı” tragikomediyası da nümayiş olunub. Tamaşa nümayişi və müxtəlif panellərdə müzakirələr festivalın ikinci günü də davam edib. Teatrsevərlər “ŞahMat” teatrının təqdimatında “Üstdəki dərinliklər” (M.Vişnek) və “Səhnə” teatrının M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırladığı “Bir dəfə Qarabağda” tamaşalarını izləyib.

 

Qeyd edək ki, sənət, səhnə zövqünə müstəqil teatrların eksperimentləri ilə rəng qatmaq istəyənlər festival proqramında yer alan tamaşaları izləyə və açıq müzakirələrdə iştirak edə bilərlər.