XALÇAÇILIQDA BİZ
30 Mart 2022 / 15:58

Tarixi eksponatlara yeni həyat verilir

Ölkə muzeyləri kimi ekspozisiyalar da yenilənir. Bu missiyanı isə Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzi reallaşdırır. Mütəxəssislər ötən il 400-ə yaxın eksponata yeni həyat veriblər. 2022-ci ilə də məhsuldar başlayıblar. Bu il həm də fəaliyyətlərinin 65 illiyinə hazırlaşırlar.

 

Bərpa mərkəzinə daxil olan ən unikal eksponatlardan biri Xan qızı Natavana məxsus olan kürdür. Bu eksponat Bərdə Tarix Diyarşünaslıq Muzeyindən gətirilib. Bərpaçılar ilk mərhələdə bu əşyanın bərpasını həyata keçiriblər. Sonrakı mərhələ artıq onun konservasiyası ilə yekunlaşacaq.

 

100 yaşlı eksponat isə mərkəzə Milli Xalça Muzeyindən daxil olub. Quba məktəbinə aid olan sənət nümunəsi həm köhnəlib, həm də ciddi zədələnib.

 

Muzeylərdə gördüyümüz belə eksponatların ömrünü onlar uzadırlar.

 

Bundan ötrü Azərbaycanda 220-dən artıq muzeyə bərpa xidməti göstərirlər. Onlar 65 il ərzində 30 minə yaxın eksponata yeni həyat verib. Bunun 400-ə yaxını ötən ilin payına düşür. Onların arasında işğaldan azad olunan ərazilərdəki muzeylərə aid maddi-mədəniyyət nümunələri də var.

 

Bərpaçılar işğaldan azad olunan ərazilərdə yenidən fəaliyyətə başlayacaq muzeylər üçün eksponatları bərpa-konservasiya edirlər. Bura dahi Üzeyir bəyin skripkası da daxildir.

 

Tarixi əşyalar bərpa olunduqdan sonra aid olduqları fondlara təhvil verilirlər. Bərpaçılar isə bu uğurlarına sevinərək ən maraqlı əsərlərin surətini çıxararıb təşkil olunan sərgilərdə nümayiş etdirirlər. Builki sərgilər isə 65 illik fəaliyyətlərinə həsr olunacaq.