XALÇAÇILIQDA BİZ
17 Aprel 2022 / 11:56

Naxçıvan xalçaçılıq sənəti qədim tarixə malikdir

Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu var. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb.

 

Azərtacın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiya zalında keçirilənNaxçıvan xalçaçılıq sənətiadlı tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev deyib.

 

Mərkəzinin təşkilatçılığı, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun müəllim və tələblərinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunub ki, Naxçıvan xalçaçılıq sənətinin qorunub yaşadılması, gələcək nəsillərə, çatdırılması ilə yanaşı, onun inkişafı və daha geniş arealda tanıdılması məqsədilə ardıcıl təbirlər həyata keçirilir. Naxçıvanda xalçaçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı da bu tədbirlərin davamlılığını təmin edib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasında Xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 aprel tarixli Sərəncam imzalayıb. Həmin sənəd maddi və mədəni irsin qorunması və davamlı inkişafına dövlət qayğısının ən bariz nümunəsidir.

 

Tədbirdə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müdiri Siddiqə Hacıyeva çıxış edərək bildirib ki, Naxçıvanda biri-birindən rəngarəng palaz, cecim, kilim, xalı toxunub. Xalçalar üzərində türk mifologiyasından gələn damğalar və müxtəlif atributlar öz əksini tapıb. Xalça sənətində işlənən naxış kompozisiyalarının rəmzi mənalarını araşdıran tədqiqatçılar bu sənətdə işlənən motivlərin əski türk adət ənənələrinə dayandığını vurğulayırlar.

 

Siddiqə Hacıyeva müəllifi olduğu “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaitini Naxçıvanşünaslıq Mərkəzinə və Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edib.

 

Sonda Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova muzeyin fəaliyyəti haqqında geniş məlumat verib, muzeyin ekspozisiyası ilə tanışlıq olub.