XALÇAÇILIQDA BİZ
17 Aprel 2022 / 13:00

Tarix Muzeyində XIX əsrin sonuna aid “Ərçiman” xalçası qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda Şirvan xalçaçılıq məktəbinə aid olan “Ərçiman” xalçası qorunur.

 

Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, “Ərçiman” xalçası XIX əsrin sonunda Xızıda toxunub. Xalça üzərində təsvir olunan süjeti və ornamentləri ilə nadir sənət əsəri təsiri bağışlayır. Oxşarı hələ ki məlum olmayan bu xalçanın qədim çeşnidən toxunan süjeti başqa xalçalarda təkrar olunmayıb. Xalçadakı süjet və naxışlar bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü özündə əks etdirir. Mütəxəssislərin fikrincə, onun üzərində qırıq xətlərlə qədim türklərin insanlara ilahi qüvvə bəxş edən xoşniyyət ilahəsi Humayın təsviri verilib. Bu, hər iki təsvirin arasında olan sonsuzluq işarəsinin alt hissəsində körpə təsvirinə bənzər təsvirin toxunmasından da görünür. Digər bir məqam isə Humayın təsvirinin xalçanın haşiyələrində toxunmuş butalarda olduğu kimi nurla əhatə edilməsidir. Butanın belə işıqsaçan, yəni nurlu formasına çox nadir hallarda rast gəlinir. Xalçanın mərkəzi qədim türklərdə ailə birliyini ifadə edən andlaşmanı, qardaşlaşmanı bildirən “and damğası” ilə haşiyələnib. Bu da təsadüfü olmayıb, onun hansısa əhd-peymanla bağlı olduğunu ifadə edir.

 

Azərbaycanda xalça sənətinin tarixi eramızdan xeyli əvvəllərə gedib çıxır. Arxeoloji qazıntılar zamanı xalçaçılıqda işlədilən, eramızdan əvvəl IV-III yüzilliklərə aid alətlərin və boyaq maddələrinin izlərinin aşkar olunması bunu təsdiq edir.