XALÇAÇILIQDA BİZ
05 May 2022 / 13:20

Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı qeyd olunub

Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə tədbir təşkil olunub.

 

Bu münasibətlə muzeydə toxunan “Düşüncələr” adlı xalçanın qədim ənənələrə uyğun dəzgahdan kəsimi, naxışlı həsirin toxunması üzrə ustad dərsi və “Uçan xalça” marionet tamaşasının premyerası keçirilib.

 

Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan “Xalçaçı günü”nün bütün bu peşə sahibləri, eyni zamanda, bu sahəni sevən, dəyər verən insanlar üçün önəmli bir hadisə olduğunu vurğulayıb. “Artıq 6 ildir ki, biz bu gözəl günü öz muzeyimizdə sənətsevərlərlə birlikdə qeyd edirik. Ötən müddət ərzində peşəkar toxucu və rəssamlarımızla muzeyimizdə xeyli gözəl işlər ərsəyə gətirirmişik”,-deyə muzeyin direktoru diqqətə çatdırıb.

 

Tədbirdə sərgilənən qeyri-adi ornament naxışları ilə seçilən “Düşüncə” adlı xalça barədə məlumat verən Ş.Məlikova deyib: “Düşüncələr” adlı xalça 2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi olan rəssam Eldar İbadullayevin eskizi əsasında toxunub. Xalça muzeyin Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən yeddi aya ərsəyə gəlib. Texniki eskizin hazırlanması, rənglərin seçimi və digər hazırlıq işlərində muzeyin baş rəssamı, Əməkdar rəssam Taryer Bəşirov başda olmaqla xalçaçı-rəssamlar da iştirak ediblər. Xalçada 40 rəng və onların çalarlarından istifadə olunub”.

 

Xalq rəssami Eldar Mikayılzadə bu xalçanın toxunmasında əməyi keçən hər kəsi təbrik edib: “Xalçamız, muğamımız varsa deməli Azərbaycan xalqı var və həmişə yaşayacaq”.

 

Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar rəssamlar Məmmədhüseyn Hüseynov, Taryer Bəşirov və başqaları “Xalçaçı günü” münasibətilə bütün xalçaçıları təbrik edərək “Düşüncə” adlı xalçanın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür ediblər.

 

Eyni zamanda Milli Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı münasibətilə naxışlı həsirin toxunması üzrə ustad dərsi də təşkil edilib. Məlumat üçün bildirək ki, tarixi Neolit dövrünə gedib çıxan həsirlər Azərbaycan xalçalarının "əcdadı" sayılır. Onlar əsrlər boyu əvəzsiz məişət əşyası olmaqla yanaşı, həm də özünün nəfis, zərif naxışları ilə bədii əhəmiyyət kəsb edib. Təəssüf ki, müasir dövrdə bu sənət növü tədricən unudulur. Bunu nəzərə alaraq, Azərbaycan Milli Xalça Muzeyi mütəmadi olaraq ictimaiyyətin diqqətini həsirçiliyin qorunmasına, yenidən dirçəldilməsinə, bu irsi yaşadan sənətkarların fəaliyyətinin davamlı inkişafına və ətraf mühitin mühafizəsinin vacibliyinə yönəltmək məqsədilə "Mədəni irsin davamlı inkişafı: həsirçilik sənəti" layihəsini reallaşdırır. "Xalçaçı günü" ilə əlaqədar təşkil olunan naxışlı həsirin toxunması üzrə ustad dərsi də bu istiqamətdə növbəti əhəmiyyətli addımdır. Bu qədim sənət növü ilə məşğul olan nadir sənətkar Astaranın Kakalos kənd sakini Rüfət Rzayev muzeyin dəvəti ilə ustad dərsi aparıb.

 

Tədbirin davamında “Nizami Gəncəvi İli” ilə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin elan etdiyi beynəlxalq xalça eskizi müsabiqəsinin qalibi Eldar İbadullayevin “Düşüncələr” adlı eskizi əsasında muzeyin Ənənəvi texnologiya şöbəsində toxunan xalçanın dəzgahdan kəsimi keçirilib.

 

Sonda “Şuşa İli” münasibətilə muzeyin Uşaq şöbəsi tərəfindən səhnələşdirilən “Uçan xalça” marionet tamaşasının premyerası olub.

532