XALÇAÇILIQDA BİZ
12 May 2022 / 12:03

Muzeydə Azərbaycanda geniş yayılmış təkəlduz tikmə nümunəsi mühafizə olunur

Muzey kolleksiyasında qorunub saxlanılan rəngli ipək saplarla, təkəlduz üsulu ilə hazırlanmış qara rəngli mahud süfrənin mərkəzi hissəsində nəbati naxışlar, medalyon, kənarlarına enli və ensiz haşiyələr tikilmişdir. Həmçinin dörd tərəfi bərabər olan süfrənin kənarlarına saçaq tikilmişdir. Zəngin rəng müxtəlifliyinə malik təkəlduz tikmə adətən mahud və məxmər parçadan hazırlanırdı. Məişət həyatının ayrılmaz tərkib hissəsi olan bu tikmələr özündə canlı tarixi yaşadır. Bu tikmə sənətinin Azərbaycanda tarixi çox qədimdir. Sasanilər dövründə rast gəlinən bu sənət növü get-gedə təkmilləşmiş və orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutmuşdur. Əsasən süfrə, pərdə, balış üzlərində tətbiq olunan təkəlduz tikmə ilə qadın geyimləri, mütəkkələr və xalçalara da bəzək vurulurdu.

 

Sənətşünasların verdiyi məlumata görə XIX əsrdə Azərbaycanda təkəlduz tikmənin mərkəzi Şəki şəhəri hesab olunub. Təkəlduz tikmə növü ilə təkcə qadınlar deyil, kişilər də məşğul olurdu. Mövsüm Məşədi Əli oğlu, Məşədi Səttar, usta Əliabbas, Rza Tağızadə, Abuzər Lətifov həmin dövrün məşhur təkəlduz ustaları idi.

 

Azərbaycan təkəlduzu üçün nəbatat aləmindən – qızılgül, zanbaq, bənövşə, müxtəlif bucaqlı yarpaqlar, heyvanat aləmindən isə ceyran, bülbül və qaranquş motivləri səciyyəvidir.