XALÇAÇILIQDA BİZ
29 May 2022 / 12:19

Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə festival keçiriləcək

Azərbaycan Milli Xalça Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqların ürəkləri ilə çiçəklənən Şuşa” adlı festival keçiriləcək.

 

“Şuşa İli”nə həsr olunmuş festival iyunun 1-də Azərbaycan Milli Xalça Muzeyi və Vətən müharibəsi qəhrəmanı Zaur Nudirəliyev adına 47 nömrəli tam orta məktəbin birgə əməkdaşlığı ilə reallaşacaq.

 

Festivalda ayrı-ayrı musiqi və rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada 47 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” və Xalça Muzeyinin uşaq şöbəsi tərəfindən səhnələşdirilən "Arşın mal alan" tamaşaları, həmçinin “Uçan xalça” marionet teatr tamaşası nümayiş olunacaq.

 

Tədbirdə muzeyin Şuşa filialı məktəblilər arasında “Şuşa qəhrəmanları” mövzusunda rəsm və inşa müsabiqəsi keçirəcək. Eyni zamanda, burada Bakı Modern Təhsil Kompleksinin şagirdlərinin əl işlərindən ibarət “Qarabağın təsviri - art obyekt” adlı sərgi açılacaq.

 

Rəngarəng, zəngin proqramı olan festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri təqdim ediləcək.