09 Mart 2022 / 13:40

100 il əvvəl Azərbaycandan çıxarılan milli xalçalarımız Ukraynada tapıldı 

Azərbaycanlı gənc Seymur Abuşov Ukraynanın Vinnitsa şəhərində dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalçalarını toplayaraq kolleksiya yaradıb.

 

Kolleksiyada vaxtilə ermənilərin öz adlarına çıxararaq Avropaya daşıdığı milli xalçalarımız, o cümlədən Qarabağ xalçaları da var. Azərbaycandan başqa digər türkdilli ölkələrin tarixi xalçalarını da kolleksiyasında toplayan Seymur burada anadan olub və böyüyüb.

 

Əslən İmişli rayonundan olan azərbaycanlı gənc kolleksioneri bu missiyaya istiqamətləndirən onun ata tərəfdən ailəsinin əvvəldən xalçaçılıqla məşğul olması olub.

 

Kolleksiyasında başda Avropa ölkələri olmaqla dünyanın bir çox ölkələrindən tapıb topladığı qədim Azərbaycan xalçaları Quba, Şirvan, Qarabağ, Mil düzü və Dərbənd bölgəsinə məxsus xalçalardır. Xalçalar toxunma tarixinə görə 19-cu əsr və 20-ci əsrin əvvəllərinə aiddir.

 

Aralarında Şuşadan çıxarılaraq Avropada ermənilərin öz adları ilə təqdim etdiyi milli xalçalarımız da var ki, azərbaycanlı kolleksioner onları tapıb, alıb, gətirib milli Azərbaycan mənsubiyyətini özünə qaytararaq kolleksiyasında rəsmiləşdirib.

 

Kolleksioner deyir ki, xalçalar Azərbaycandan əsasən 20-ci əsrin əvvəllərində inqilablar ərəfəsi, bir qismi isə SSRİ dağılan ərəfədə, Vətən müharibəsi zamanı çıxarılıb.